Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həfrəlik xəbərlər icmalı


İran Azərbaycanı ayaqda
Həbslər və işgəncələr barədə məlumatlar dəqiqləşdirilir
Vaşinqtonda Güney Azərbaycanlılarla həmrəylik aksiyası
Xocalı faciəsindən 15 il ötdü

İran Azərbaycanı ayaqda

Bu həftə İran Azərbaycanının müxtəlif şəhərlərində Beynəlxalq ana dili günü münasibətilə etiraz aksiyaları keçirilib. İlk aksiya fevralın 21-i Tehran universitetində baş tutub. Zəncan Universitetinin tələbələri isə tələblərini orijinal şəkildə, ağızlarını ağ parça ilə bağlayıb, əllərində Azərbaycan türkcəsində yazılmış plakatlar tutmaqla bildiriblər. Zəncanda nümayişdən əvvəl və sonra tanınmış hüquq müdafiəçisi Səid Mətinpur da olmaqla bir neçə fəalın həbs edildiyi bidlirilir.

Fevralın 21-də Təbriz Urmiyə və Ərdəbildə nümayiş keçirmək cəhdləri olub. Şəhərlərdə cəmləşdirilmiş nizami ordu qüvvələri və polis nümayişçilərin bir yerə toplaşmasına mane olub. Buna baxmayaraq, aksiya iştirakçıları çüarlarını səsləndirə biliblər. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin sözçüsü Əlirza Quluncunun sözlərinə görə, Urmiyədə indiyədək görünməmiş sayda hərbi qüvvə olub.

Fevralın 21-də Təbrizdə Bazar ağzına toplaşmaq istəyən nümayişçilərin qarşısı polis vvə nizami ordu qüvvələri tərəfindən alındıqdan sonra güney Azərbaycan fəalları fevralın 22-də geniş kütləvi aksiya keçiriblər. Həmin gün Təbriz stadionunda keçirilən futbol matçını görüş yeri təyin edən fəallar həm stadionda, həm də ordan çıxdıqdan sonra milli şüarlar səsləndiriblər.

Həbslər və işgəncələr barədə məlumatlar dəqiqləşdirilir

Azərbaycanlı siyasi məhbusları müdafiə assosiasiyasının rəhbəri Faxtə Zamani bildirir ki, əllidən artıq həbs barədə artıq təsdiqlənmiş məlumat var. Lakin həbslərin ümumi sayının yüzdən artıq olduğu bildirilir.

Xanım Zamaninin sözlərinə görə, həbslər barədə məlumatların təsdiqlənməsi olduqca çətindir. Belə ki, məhbusların işgəncəyə məruz qalmasını göz önünə alan ailə üzvləri həbslər barədə məlumatları ötürməyə qorxur.

Vaşinqtonda Güney Azərbaycanlılarla həmrəylik aksiyası

İranda 21 fevral ana dili günü ilə bağlı etirazlardan sonra Vaşinqtonda yaşayan Azərbaycan icması ABŞ döbvlət Departamentinin qarşısında Güney Azərbaycanlılarla həmrəylik piketi keçirdi. Dövlət Departamentinin İran şöbəsinin əməkdaşı Aaron Snayp nümayişçilərlə görüşə gələrək, onların tələblərinin və hazırlanan materialların diqqətlə öyrəniləcəyini söylədi. Xatırladaq ki, Dövlət Departamenti bu həftə şifahi və yazılı bəyanatlarda İranın azərbaycanlılar, kürdlər və ərəblər daxil olmaqla, etnik azlıqlara qarşı repressiyaları davam etdirməsindən narahatlığını ifadə edib.

Dövlət Departamentinin bəyanatında deyilir ki, Tehran Azərbaycan dilinin məktəblərdə tədrisini qadağan edib, azərbaycanlı fəalları təqiblərə məruz qoyur, mədəni və linqvistik haqlarını tələb edən azərbaycanlıları ədalətsiz şəkildə həbs edir.

Xocalı faciəsindən 15 il ötdü

Fevralın 23-də güneyli quzeyli Azərbaycanlılar Vaşinqtonda Ermənistan səfirliyi qarşısında Xocalı faciəsinin ildönümü ilə bağlı anım aksiyası keçiriblər. Tədbirdə çıxış edənlər arasında Azərbaycan Amerika Cəmiyyətinin rəhbəri Tomris Azəri və Güney Azərbaycan Milli Oyanış hərəkatının rəhbəri Mahmudəli Çöhrəqanlı da olub. «Azadlıq» radiosunun məlumatına görə, İranın Azərbaycandakı səfiri Əfşar Süleymani bildirib ki, Xocalı faciəsinin soyqırımı kimi tanınması təklifi ilə səfirliyə müraciətlər daxil olub və səfirlik həmin müraciətləri baxılması üçün Tehrana təqdim edib. İran parlamentinin bu təkliflərə nə cür reaksiya verəcəyi hələlik məlum deyil.

XS
SM
MD
LG