Accessibility links

Elmar Hüseynovun qətlindən iki il ötdü: Qatil hələ azadlıqdadır


Elmar Hüseynovun qətlindən 2 il keçir. Bu gün jurnalist dostları, qohumları və ictimaiyyət nümayəndələri onun xatirəsini anıblar. Əvvəl onun qətli barədə fikir mübadiləsi aparıb, sonra qəbrini ziyarət edib, axşam çağı, onun qətlə yetirildiyi anda və yerdə gül-çiçək və şamlar qoyublar. Hər şey keçən il olduğu kimi.

Lakin bu il onun ömür gün yoldaşı Ruşanə orada olmayıb. O, siyasi sığınacaq aldığı soyuq Norveçdə Elmarın xatirələri və oğlu Aslanla baş başadır: “Keçən il biz onun qəbrini ziyarət etdik, sonra ona güllələrin atıldığı yerdə şam yandırdıq, çiçəklər düzdük. İndi mənə burda çox çətindir. Mən də bu gün orda olmaq istərdim. Amma ola bilmirəm”.

Elmarın qətlindən sonra bir ildən bir qədər artıq “Bakinskiye vedomosti” qəzetini nəşr edən Ruşanə Hüseynova Azərbaycanı tərk etməsinin səbəbləri haqqında bunu deyir: “Bu çox çətin qərar idi. Amma Elmarın ölümündən sonra vəziyyət getdikcə daha da gərginləşirdi. Xüsusilə parlament seçkilərindən sonra. Repressiyalar siyasi müxalifətdən çox jurnalistlərə qarşı yönəlmişdi. Mən çox düşündüm. Qərarı da ölkədən çıxmazdan bir neçə gün qabaq qəbul elədim. Allah şahiddir ki, mənim üçün vətənimdən getmək necə çətin idi. Bu yaranın nə vaxtsa sağalacağına inanmıram.”

“"Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən iki il keçməsinə baxmayaraq, onun qatilləri hələ də tapılmayıb”. Bunu bu gün yayılan bəyanatında Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib.

"Elmar Hüseynov evinin qarşısında güllələnərkən, prezident İlham Əliyev bunu Azərbaycan dövlətinə qarşı təxribat və terror aktı adlandırdı. Bu cür kəskin bəyanatlara baxmayaraq, istintaq hələ də qatilləri həbs etməyib və bu işdə irəliləyişə nail olunmayıb", - deyə cənab Saymon bildirib. Onun sözlərinə görə, cinayətkarların cəzalandırılmaması mütəqil və müxalif mətbuat arasında özünü senzuraya səbəb olub.

Birləşmiş Ştatlaın Bakıdakı səfiri Enn Ders bu gün verdiyi bəyanatda deyib ki, Elmarın qətlindən iki il keçməsinə baxmayaraq, günahkarlar həbs edilməyib, məhkəmə qarşısına çıxarılmayıb və cəza çəkməyiblər. “Mən Azərbaycan hökumətini uca məqsədlər naminə ədalətin bərpa olunması üçün səyləri artırmağa çağırıram: Elmar Hüseynovun qatillərini həbs və mühakimə edin” Xanım Dörs mərhum jurnalistin ailəsinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağılığı verdiyini deyib. "Elmar Hüseynov Azərbaycanda demokratiyanın cəsur müdafiəçisi idi", deyə o qeyd edib.

Elmar Hüseynovun qətlinin müstəqil təhqiqat qrupunun üzvü, mərhum jurnalistin yaxın dostu və silahdaşı Şahbaz Xuduoğlu istintaqın gedişini pis qiymətləndirir. Şahbaz Xuduoğlunun sözlərinə görə, Azərbaycan hüquq mühafizə orqanları istintaqın nəticələrinin xalqdan gizlədilməsi üçün bütün tədbirləri görüb.

Ruşanə Hüseynova Elmar Hüseynovun qətlinin üstünün açılması üçün ölkədə ciddi dəyişiklər olmasını vacib sayır: “Yaxın zamanlarda bunu görməyəcəyik, hələ ki Azərbaycanda satılmış məhkəmələr, avtoritar rejim və rüşvətə qurşanmış, bacarıqsız hüquq mühafizə orqanları və cib müxalifəti hakimiyyətdədir, biz bunu görməyəcəyik. İndiki rejim bu cinayəti aça bilməz çünki qətlin arxasında da elə onlar durur.”

O indi ərinin qatillərini tapmadığına görə Azərbaycan hakimiyyətini məhkəməyə vermək əzmindədir: “Mən indi Norveçdəyəm, və əlbəttə ki, ədaləti Avropa İnsan Hüquqları Məhkəməsində axtaracağam. Bu, iri addımlarla irəliləyən Azərbaycan və onun gənc perspektivli prezidenti üçün ayıb olacaq. Amma bizim hakimiyyət bilməlidir ki, prezident aparatından o yanda sivil dünya mövcuddur. Mən qətlə yetirilmiş jurnalist və həyat yoldaşım Elmar Hüseynovun xatirəsinin unudulmasına imkan verməyəcəyəm. Mən həyatımı məhv edən insanlara qarşı dərin nifrət hissi keçirirəm. Bütün bunların əvəzini vermək üçün əlimdən gələni edəcəyəm”.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG