Accessibility links

"İran Azərbaycanına Pəncərə" proqramının həftəlik xəbərlər icmalı


Urmiyə fəalları hələ həbsdədir
Ərdəbil məhbuslarına işgəncə verilir
Səid Mətinpur və Telnaz Neməti azadlığa buraxılıblar
Azərbaycanla İran arasında sərhədd insidenti
İranın Bakıdakı səfiri dəyişdi

Urmiyə fəalları hələ həbsdədir

Azərbaycanlı siyasi Məhbusları Müdafiə Komitəsi ASMEK bildirir ki, 21 fevral ana dili günü ilə bağlı Urmiyə şəhərində həbs olunan 50-yə qədər fəalın 20-yə yaxını hələ də həbsdə qalır. Onlardan İsmayil Cavadi, Əbülfezl Əlilu, Əhməd Qureyşinin işgəncəyə məruz qaldığı bildirilir. Azadlığa buraxılanlar arasında Urmiyənin sünni türklərindən Kiyanuş Yusifi də var. Sulduzda ana dili günü saxlanılan 25 nəfərin böyük qisminin hələ də həbsdə oluğu bildirilir.

Ərdəbil məhbuslarına işgəncə verilir

Eyni gündə Ərdəbildə saxlanılan Hüseyn Səbəbi zəmanətlə evə buraxılıb, lakin ondan həbsdə ikən digər fəallara qarşı zorla ifadə almaq cəhdlərinin olduğu bildirilir. Ərdəbildəki Ettelaat təcridxanasında saxlanılan digər fəallar Rəhim Xudadadi və Ramin Sadiqinin işgəncəyə məruz qaldığı və durumlarının ağır olduğu bildirilir.

Səid Mətinpur və Telnaz Neməti azadlığa buraxılıblar

Zəncan fəalları Səid Mətinpur, xanım Telnaz Neməti, Əlirza Metinpur və digər fəallar zəmanətlə azadlığa buraxılıblar. Hal hazırda ana dili günü məhbuslarından Zəncanda yalnız Səfərəli Xuininin həbsdə qaldığı bildirilir.

Azərbaycanla İran arasında sərhədd insidenti

Bu həftə Azərbaycan rəsmiləri İran vertolyotlarının Azərbaycanın hava sərhədlərini pozması ilə bağlı sərt bəyanat veriblər. Bu il fevralın 22-də İran prezidenti Mahmud Əhmədinejatı İranın şimalına səfəri zamanı müşaiyyət edən vertolyot dəstəsi Azərbaycanın dövlət sərhədlərini pozub. Azərbaycanın Astara şəhəri üzərində uçan vertolyotlar insanları təşvişə salıb. Azərbaycan Dövlət Sərhəd xidmətinin rəisi Elçin Quliyev «Amerikanın səsi» radiosunun sualının cavabında ölkənin dövlət sərhədlərini İranın vertolyotlarının pozduğunu təsdiq edib. O, Azərbaycan xarici işlər nazirliyi vasitəsilə İran hökumətindən məsələ ilə bağlı açıqlama istəyəcəyini deyib.

İranın Bakıdakı səfiri dəyişdi

Bu həftə İranın Bakıdakı səfiri Əfşar Süleymani vəzifə müddətini başa vurub. Onun yerinə İslam Respublikasının Naxçıvandakı konsulu Nasir Həmidi Zari təyin olunub. Naxçıvandakı konsulluğa isə bundan sonra Səid Məhəmməd Təba Təbai başçılıq edəcək.

XS
SM
MD
LG