Accessibility links

İraqda sünnilərlə şiələri düşmən edən nədir?


Son il ərzində İraqda zorakılıq dalğası şiə müsəlmanlarla sünni müsəlmanları bir-birinə qarşı qoydu. Bəziləri düşünür ki, bu münaqişənin kökləri 7-ci əsrə - Məhəmməd peyğəmbərin davamçısının kim olacağı barədə mübahisəyə gedib çıxır. Digərləri deyir ki, bu, siyasi hakimiyyət uğrunda müasir savaşdır.

Əslində sünni və şiələri birləşdirən inanclar onları ayıran məsələlərdən çoxdur. Onlar eyni müqəddəs kitaba inanır və islamın 5 ümumi qaydasına riayət edirlər. Buna baxmayaraq, bu gün sünni və şiələr İraqda bir biri ilə savaşır.

Corctaun Universitetinin İslam tarixi professoru Con Voll deyir ki, münaqişənin kökündə çoxluq olan şiələrlə azlıqda olan sünnilər arasında münasibətlər durur. Şiələr hakimiyyətdən kənarda olduqları uzun illər ərzində təzyiq və təqiblərə məruz qalıb, sünnilər isə uzun zaman hakimiyyətdə olduqları üçün onu bölüşmək istəmirlər: "Siyasi üstünlüyə malik heç bir qrup hakimiyyəti indiyə kimi təqiblərə məruz qalan qrupa rahatlıqla vermək istəməz".

Con Hopkins Universitetinin Aparıcı Beynəlxalq Araşdırmalar Fakultəsinin professoru Marius Dib bu fikirlə razıdır: "Əslində münaqişə səddamçılar və anti-səddamçılar arasındadır. Təəssüf ki, bu, Səddam tərəfdarı olan sünnilər və iranpərəst olaraq ortaya çıxan şiələr arasındakı savaş kimi təzahür edir".

2006-cı ilin fevralında sünni yaraqlılar Bağdadın şimalında şiə məbədini bombaladılar. Bağdad və ətraf regionlarda bu hadisədən sonra başlayan təriqətlərarası münaqişə indiyə kimi səngimir. Corctaun Universitetindən Con Voll deyir: “Şiə və sünni ənənələrinin möhtəşəm simvolları indi səfərbərliyin simvollarına və şüarlarına çevrilir. Buna görə də Samarradakı Qızıl məscidin dağıdılması olduqca önəmli hadisə idi. Bu bina strateji cəhətdən vacib deyildi. Heç iqtisadi əhəmiyyəti də yox idi. Sadəcə o şiə kimliyinin simvolu və imicini təmsil edirdi və onu dağıtmaqla onlar şiələrin zəifliyini onlara göstərmək istəmişdilər.”

İraq hökumətində şiə müsəlmanlar çoxluq təşkil edir və onların çoxu İranla müttəfiqdirlər. Bu, İraqın əsasən sünni olan qonşularını narahat edir. 2004-cü ildə İordaniya kralı Abdullah Livandan İrana qədər uzanan bir ərazidə şiə hökumətlər və hərakatların bir alyans yaratmaq potensialı barədə xəbərdarlıq etmişdi.

Professor Diib deyir ki, narahatlığı şiələrin alyansı deyil, hərbiləşdirilmiş İslamın istənilən təzahürlərinin inkişafı doğurur: “Biz İran və Suriyanın, hezbollah, Həmas və İslami Cihadla birgə rəhbərlik etdiyi hərbiləşdirilmiş İslami alyans barədə danışa bilərik. Onlar eyni məqsədləri bölüşür və onların məqsədləri təssüf ki, destruktiv xarakter daşıyır. Bütün bunlar münaqişənin sona çatmasına, sülhə və barışığa aparıb çıxarmayacaq.”

O zaman iki təriqəti bir birinə nə yaxınlaşdıra bilər? Professor Voll deyir ki, İraqda yenidənqurma işləri iki qrupa birgə fəaliyyət göstərmək imkanı yaratmaqla yaxşı ilk addım ola bilər. İqtisadi yenidənqurma Mehdi ordusunun qabiliyyətini və sünni müqavimət qüvvələrinin insanlar arasında populyarlığını azaldacaq.

Professor Dib deyil ki, barışıq üçün kompromislər və hakimiyyət bölgüsü vacibdir. Nəhayət, o deyir ki, iraqlılar özlərinin bir ölkənin hissəsi olduğunu anlamalı və vətəndaşlıq kimliklərinin onları birləşdirən amilə çevrilməsinə imkan verməlidirlər.

XS
SM
MD
LG