Accessibility links

Ərəb Liqası İsraili sülh planı ilə razılaşmağa çağırdı


Ərəb Liqasının sammiti İsraili 2002-ci ildə təklif etdiyi sülh planı ilə razılaşmağa çağıraraq, başa çatdı. Plana əsasən İsrail 1967-ci ildə ələ keçirdiyi Fələstin torpaqlarından geri çəkildiyi təqdirdə Ərəb dünyası ilə münasibətləri normallaşa bilər. Plan eləcə də, Fələstin dövləti yaradılması məsələsində İsraili fələstinlilərlə razılığa gəlməyə çağırır.

Xatırladaq ki, bundan əvvəl İsrail 2002-ci ildə təqdim edilən sülh planını rədd etmişdi. Lakin bu yaxınlarda İsrail rəsmiləri planın sülh danışıqlarına başlanğıc ola biləcəyini demişlər. Ərəb Liqası yağıncağını başa çatdırdıqdan sonra İsrailin xarici işlər nazirliyi bəzi ərəb dövlətləri ilə danışıqları davam etdirə biləcəyini bildirib. Bütün bunlara baxmayaraq, İsrail işğal etdiyi torpaqlara fələstin qaçqınlarının qayıtmasını istəmir.

Fələstin bu yaxınlarda yeni hökumətini yaradıb. İsrail isə zorakılıqlara son qoymayınca, İsrail dövlətini tanımayınca və sülh razılığına hörmət etməyincə bu hökumətlə heç bir danışıqlara getməyəcəyini bildirmişdi. Lakin bu həftənin əvvəli Birləşmiş Ştatların dövlət katibi Kondolizza Raysın Yaxın Şərqə üç günlük səfəri zamanı İsrail və Fələstin liderləri hər iki həftədən bir görüşmək barədə razılğa gəldilər. Lakin İsrail rəsmiləri İsraillə Fələstin arasında keçiriləcək danışıqların hal-hazırda ancaq humanitar məsələlərə həsr olunacağını deyirlər.

Ərəb Liqasının Riyadda keçirdiyi zirvə toplantısını Səudiyyə Ərəbistanının kralı Abdulla açıq elan etdi. O, dedi ki, Ərəb dövlətləri indi həmişə olduğundan daha çox bölünmüş vəziyyədədir. Kral Abdulla İraq probleminə toxunaraq, onun qeyri-qanuni işğal edildiyini də vurğuladı. Kral Abdullanın bu bəyanatı Birləşmiş Ştatlara təəccüblü gəldi. ABŞ sözçüsü Birləşmiş Ştatların BMT-nin qərarına əsasən hərəkət etdiyini və oraya İraq hökumətinin dəvəti ilə getdiyini bildirdi. Qeyd edək ki, Birləşmiş ştatalr Səudiyyə Ərəbistanına Yaxın Şərqdə çox mühüm müttəfiqi kimi baxır. Buna görə də Amerika rəsmiləri kral Abdullanın çıxışında doğrudan da nəyi nəzərdə tutduğunu başa düşmək istədiklərini deyirlər. Bütün bunlara baxmayaraq, Birləşmiş Ştatalr Ərəb Liqasının 2002-ci il Yaxın Şərq sülh planını alqışlayır.

XS
SM
MD
LG