Accessibility links

ABŞ rəsmisi Somaliyə gözlənilməz səfər edib


Birləşmiş Ştatların yüksək səviyyəli diplomatı Somalinin müvəqqəti rəhbərliyi ilə danışıqlar aparmaq üçün bu ölkəyə gözlənilməz səfər edib. Dövlət katibinin Afrika məsələləri üzrə müavini Cendayi Freyzer bu gün Somalinin keçmiş müvəqqəti paytaxtı Baidoada prezident Abdullahi Yusif və baş nazir Əli Məhəmməd Gədiylə görüşüb. O, 1994-cü ildən bəri Somaliyə gedən Amerikanın ən yüksək vəzifəli rəsmisidir.

ABŞ rəsmiləri deyiblər ki, xanım Freyzerin səfərinin məqsədi Somalidə milli barışığı dəstəkləməkdir. Onun səfəri Moqadişuda üsyançılarla Efiyopiyanın himayəsindəki Somali qüvvələri arasında bir həftə davam edən döyüşlərdən sonra elan edilmiş atəşkəsin altıncı gününə təsadüf edir. Həmin döyüşlər nəticəsində 380-dən çox mülki vətəndaşın həlak olduğu bildirilib.

Somalinin paytaxtında cari ayın 16-da milli barışıq barədə konfrans keçirilməsi planlaşdırılır. Konfransın məqsədi illərlə davam edən anarxiya və zorakılıqlardan sonra ölkədə sabitliyin əldə olunmasıdır. ABŞ Somali hökumətini İslamçı hərəkatın bəzi üzvləri də daxil edilməklə, müxtəlif qrupları konfransa dəvət etməyə çağırıb.

XS
SM
MD
LG