Accessibility links

Vaşinqtondan baxış: Azərbaycanda redaktorun həbsi


"Vaşinqtondan baxış" rubrikasında ABŞ hökumətinin siyasətinin izahı

Bakıda məhkəmə azərbaycanlıları təhqir etmək iddiası ilə redaktor Eynulla Fətullayevi 2 il altı ay həbsə məhkum edib. Cənab Fətullayev Azərbaycanca dərc olunan Gundəlik Azərbaycan və rusca nəşr olunan Realnı Azərbaycan həftəlik qəzetlərinin baş redaktorudur.

O, internet forumda guya 1992-ci ildə Dağlıq Qarabağın Xocalı şəhərinə erməni qüvvələrinin hücumu zamanı 600dən artıq insanın həlak olmasında Azərbaycan rəsmilərinin də günahı olduğunu söylədiyinə görə günahlandırılıb. Cənab Fətullayev bu sözləri demədiyini bildirib.

“Eynulla Fətullayevin həbsi Azərbaycanda daha çox siyasi motivlərlə başlanan şərəf və ləyaqətin təhqiri üzrə məhkəmə işləri vasitəsilə müstəqil mediaya edilən təzyiqlərin tərkib hissəsidir,” deyə söz azadlığı monitorinq qrupu olan Jurnalistləri Müdafiə Komitəsinin icraçı direktoru Coel Saymon bildirib.

Məhkəmə qərarı çıxarılandan dərhal sonra Amerikanın səsinə müsahibə verən cənab Fətullayev deyib: "Bu Azərbaycan reallığının absurdudur. Görəsən İlham Əliyev bundan sonra da Azərbaycanda demokratik və hüquqi dövlət olduğunu təkrarlayacaqmı?"

Bu, cənab Fətullayevin şərəf və ləyaqətin təhqirinə görə üzləşdiyi ikinci hökmdür. 2006-cı ildə o, Azərbaycanın daxili işlər nazirini tənqid etdiyinə görə iki il şərti cəzaya məhkum olunmuşdu.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə yardımçısı Mətt Brayza şərəf və ləyaqətin təhqirinə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasını insan hüquqlarına təhlükə hesab edir.

"Şərəf və ləyaqətin təhqirinə görə cinayət məsuliyyətinin nəzərdə tutulmasına son qoymaq olduqca vacibdir.. Konkret olaraq bu məhkəmə işi tamamilə təhqirin cinayət məcəlləsi ilə mühakimə olunması ilə bağlıdır. Və Realnı Azərbaycan qəzetinin redaktoru təhqirə görə adekvat görünməyən çox uzun bir cəza alıb. Biz düşünürük ki, təhqirə görə cinayət məsuliyyətinin ləqvi insan hüquqları ilə bağlı vəziyyəti yaxşılaşdırar və demokratiyanı gücləndirər”.

ABŞ Dövlət Departamenti insan hüquqlarının vəziyyətinə dair son hesabatında bildirir ki, 2006-cı ildə Azərbaycan hökuməti “əsasən şərəf və ləyaqətin təhqiri üzrə məhkəmə işləri, təhqirə görə həddindən artıq yüksək cərimələr və müstəqil qəzet və jurnalların çapına və yayımına maneələr törətməklə medianı təqib və hədələrə məruz qoyub”.

Azərbaycan jurnalistləri həmçinin fiziki hücumlara məruz qalıb, oğurlanıb və ya naməlum adamlar tərəfindən hədələniblər. Bu hücumları törədənlər həbs olunmayıb.

ABŞ dövlət katibi Kondoliza Rays deyib ki, Birləşmiş Ştatlar “azadlıq və hüquqları uğrunda mübarizə aparan cəsur kişi və qadınlarla hər zaman çiyin çiyinə dayanmağa əzmindədir.

Bu, ABŞ hökumətinin siyasətini izah edən "Vaşinqtondan baxış" rubrikası idi

XS
SM
MD
LG