Accessibility links

ABŞ təlim proqramları demokratiyaya xidmət edir


2007-ci ildə Birləşmiş Ştatlar hökuməti kənd təsərrüfatının inkişafı və humanitar yardım proqramlarından tutmuş demokratikləşmə məsələlərinə qədər müxtəlif sahələr üzrə Azərbaycana 28 milyon dollar yardım ayırıb. Bu yardımın böyük hissəsi müvafiq sahələr üzrə təlim proqramlarına xərclənir.

Birləşmiş Ştatların Bakıdakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henik ABŞ hökuməti tərəfindən maliyyələşdirilən proqramların Azərbaycanda demokratiyanın inkişafı üçün böyük əhəmiyyət daşıdığını deyir:

"Bizim təhsil proqramlarımız xüsusilə uğurludur. Biz demokratiya dəyərlərini, konsepsiyasını izah etmək üçün insanları Bir illik təhsil və ya qısa tanışlıq səfəri üçün Birləşmiş Ştatlara göndəririk. Orda onlar demokratiyanı təcrübədə görə bilirlər".

İnternyus-Azərbaycan Birləşmiş Ştatların maliyyə yardımı ilə jurnalistlərin təlim proqramlarını həyata keçirir. İnternyusun həyata keçirdiyi son layihədə bir qrup gənc media işçisi jurnalist araşdırması süjetlərini çəkməyi öyrənib. Təşkilatın direktoru İlham Səfərov jurnalistlərin təliminə diqqəti artırmağın önəmli olduğunu deyir.

Birləşmiş Ştatlarla tələbə mübadiləsi kimi bir çox proqramları həyata keçirən Beynəlxalq Mübadilə Şurası – İREX-in mediaya yardım layihəsinin direktoru Şeldon Markoff isə işin təlimlə bitmədiyini deyir: "Biz bu proqramı Azərbaycanda 7 il jurnalistlərin təlimi ilə məşğul olmuş bir təşkilatdan təhvil aldıq. Lakin vəziyyət belədir ki, ya jurnalistlər yetərincə təlim görməyiblər, ya da onlar işlərini lazımi şəkildə görməkdən qorxurlar. Odur ki, təlim görmüş adamların işləməsi üçün şərait yaratmaq vacibdir".

Təlim proqramlarının effektivliyinə gəlincə, professor Zeynal Məmmədlinin sözlərinə görə, bu barədə birmənalı fikir yürütmək çətindir. "Amma bir şey deyə bilərəm: Bu proqramlar olmasa, Azərbaycanda demokratiya adalarından deyil, adacıqlarından söhbət gedə bilər".

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG