Accessibility links

Təbrizdə və Zəncanda yeni həbslər


2006-cı il May mitinqlərinin ildönümü yaxınlaşdıqca Azərbaycanın siyasi fəallarına təzyiqlər artır. Müxtəlif şəhərlərdə fəallarıln Ettelaat idarəsinə çağırılaraq onlardan hər hansı nümayişə qatılmamaları barədə iltizam alındığı bidlirilir.

Təbrizdə yeni həbslər

Təbriz şəhərində isə yeni həbs dalğası barədə xəbərlər gəlməkdədir. Aprelin 26-da Hüseyn Nəsiri və Nurullah Hüseyniyan da daxil olmaqla 10-a qədər fəalın həbs edildiyi bildirilir. Hüseyniyanın evində axtarış aparılıb və onun kompüteri və kitabları da müsadirə olunub.

Nəsirinin ailəsi onun harada saxlandığından xəbərsiz olduğunu bildirib. Ettelaat idarəsi yalnız istintaq bitdikdən sonra məlumat və görüş icazəsi veriləcəyini deyib. Təbrizin tanınmış fəallarından olan Hüseyn Nəsiri keçmişdə Babək qalasına yürüşlərlə bağlı dəfələrlə həbs olunub.

Digər tanınmış Təbrizli fəal Əziz Purvəlinin 2 oğlu Həmid və Həbib Purvəli qardaşları aprelin 15-də Ettelaat tərəfindən nəzarət altına alınıb və 3 gün işgəncə verildikdən sonra azadlığa buraxılıblar. Purvəli qardaşları əvvəllər də 3 dəfə həbs olunublar.

Keçən ilin may hadisələrindən sonrakı həbsi zamanı Həbib Purvəli məruz qaldığı işgəncələr nəticəsində koma vəziyyətində xəstəxanaya aparılmışdı. ASMEK keçmiş məhbusun bədənində hələ də o işgəncələrin izlərinin qaldığını bildirir.

Jurnalist Atabəy Teymuriyə hökm kəsilib

Urmiyədə fəaliyyər göstərən " Bilim Yolu" elmi-mədəni araşdırmalar mərkəzinin nəşr etdirdiyi Urmu yolu dərgisinin məsul katibi Atabəy Teymuriyə 6 ay şərti həbs cəzası kəsilib. Urmiyə İnqilab Məhkəməsinin üçüncü şöbəsində keçirilən məhkəmənin hökmündə bu cəzanın pantürkist fəaliyyət və hökumət əleyhinə təbliğata görə verildiyi qeyd olunur.

Zəncan müəllimləri etiraz edir

Aprelin 28-də Zəncan liseyinin kimya müəllimi Məhəmməd Ənsarinin həbsindən 2 gün sonra Zəncan çəhər müəllimlərinin həmkarlar ittifaqının qeydiyyat icazəsi geri çağırılıb. Mayın 2-də Zəncan müəllimləri Ənsarinin həbsinə və ocağın bağlanmasına etiraz əlaməti olaraq nümayiş keçiriblər. Aksiyanın digər tələbi də müəllimlərin haqlarına məhəl qoymayan maarif nazirinin istefası olub.

Məktəblərdə pantürkist tələbələrin siyahısı hazırlanır

ASMEK bildirir ki, İran təhlükəsizlik orqanları Xoy, Urmiyə və Nəqədeh şəhərlərindəki maarif idarələri və məktəblərə may hadisələrinin ildönümü ilə bağlı xəbərdarlıq məktubu göndərib. Məktəb müdirlərinə göndərilən yazılı əmrlərdə pantürkist fəaliyyətlə məşğul olan tələbələrin siyahısını hazırlamaq tapşırılıb.

İranda May şəhidlərinin şəkilləri yayılır

İran Azərbaycanının müxtəlif şəhərlərində keçən il may hadisələrində öldürülənlərin şəkilləri paylanır. Bu şəkillərlə birgə may mitinqlərinin ildönümü günündə - mayın 21-i küçələrə çıxmaq çağırışı olan vərəqələr də yayılır. Çağırışlarda həmin gün şəhidlərin xatirələrinin anılacağı bildirilir. Eyni zamanda çağırış vərəqələrində mitinqlər vaxtı heç bir təxribata yol verməmək xahiş olunur. Eyni zamanda çağırışların CD-lər vasitəsilə yayıldığı da bildirilir.

Naxçıvandan İrana pulsuz viza

Aprelin 30-dan Naxçıvandan İrana getmək istəyən muxtar respublika sakinləri viza almaq üçün pul odəmirlər. İranın Naxçıvandakı Baş Konsulluğundan «Azadlıq» radiosuna verilən məlumata gorə, 20 gün üçün nəzərdə tutulan və heç bir kilometr məhdudiyyəti olmayan viza İranın istənilən ərazisində qalmağa imkan verir. Yerli əhali viza almaq üçün konsulluğa bir fotoşəkil və sağlamlıq haqında arayış təqdim etməlidirlər. Bu qaydalar yalnız Naxçıvan Muxtar Respublikası ərazisində olan gömrük-keçid məntəqələrinə şamil olunub. Bu vaxta kimi İrana viza haqqı 35 avro idi.

XS
SM
MD
LG