Accessibility links

Pişəvər şəhərindəki hücum onlarla insanın ölümünə səbəb olub


Pakistan polisinin bildirdiyinə görə, bu gün Pakistanın Pişəvər şəhərinin köhnə hissəsindəki Mərhəba mehmanxanasında həyata keçirilən intiharçı hücumu azı 25 nəfərin ölümünə, 30-nun isə yaralanmasına səbəb olub. Bu partlayış şənbə günü Kəraçı şəhərində baş qaldıran siyasi zorakılıqlardan sonraya təsadüf edir.

Şahidlər Mərhəba mehmanxanasında baş verən partlayışdan sonra insanların parçalanmış bədən hissələrinin və binanın dağıntılarının kücəyə səpələndiyini deyirlər.

Vilayətin polis rəisi Şərif Virk partlayışın baş verdiyi ərazidən bir neçə insan bədəninin ayrı-ayrı hissələrinin tapıldığını, onlardan birinin intiharçının bədənindən ayrılmış ayağın olduğunu deyir. Polis rəisi intiharçının ayaqlarına sarınmış xəbərdarlıqda "Amerikaya cəsusluq edən hər bir kəsi bu aqibət gözləyir"- deyildiyini bildirir.

Polis partlayışın mehmanxananın birinci mərtəbəsində çoxsaylı adamın günorta yeməyinə toplaşdığı restoranda baş verdiyini bildirib. Qeyd edək ki, hadisənin baş verdiyi Pişəvər şəhəri Əfqanıstanla sərhəddə yerləşir və bu regionda Talibanyönümlü yaraqlılar və Əl Qaidə eksremistləri geniş fəaliyyət göstərirlər. Partlayışın baş verdiyi yerin də əfqanlar arasında populyar olduğu bildirilir.

Keçən ay da həmin ərazidə Pakistanın daxili işlər naziri Aftab Şerpaonu hədəf alan intiharçı hücumu nəticəsində nazir yaralanmış, 28 nəfər isə həlak olmuşdu.

XS
SM
MD
LG