Accessibility links

İranda azərbaycanlı siyasi məhbuslarla bağlı durum ağır olaraq qalır


İran Azərbaycanında siyasi məhbusların durumu ağır olaraq qalır. 22 may etirazlarından bir aydan artıq vaxt keçməsinə baxmayaraq, hələ də həbs olunanların hamısı haqqında dəqiq məlumatların toplanması mümkün olmayıb. Bu barədə Amerikanın səsinə ASMEK - Azərbaycan siyasi Məhbusları Müdafiə Komitəsinin sözçüsü Əlirza Cavanbəxt Quluncu bildirib.

Bu il mayın 21-də Təbrizdə 2006-cı ilin may hadisələrinin ildönümü münasibətilə planlaşdırılan aksiyalarla bağlı həbs olunan yüzə yaxın fəal azadlığa buraxılıb. İLNA xəbər agentliyinin məlumatına görə, ötən həftə Təbriz millət vəkili Əkbər Ələminin zindana baş çəkməsi və fəalların işləri ilə tanış olması nəticəsində onlarla fəal azad edilib. Lakin hələ də yüzlərlə fəalın harada saxlandığı bəlli deyil.

Urmiyədə də həbs olunanların bir qismi azadlığa buraxılıb. Zəmanət vəsiqəsi ilə azad olunanların arasında ustad Şəhriyar ocağının sədri Əkbər Paşayi də olmalı imiş. Lakin Əkbər Paşayinin hazır vəsiqə ilə həbsxanaya gedən atasına oğlunun hələ həbsdə qalacağını bildiriblər. Azad olunan fəallar Paşayinin zindanda işgəncə olunduğunu bildiriblər.

İyunun 16-da həbsdə olan qoşaçaylı milli fəalların valideynləri Miyandob fərmandarlığının qarşısında oturaq aksiya keçiriblər.

ASMEK sözçüsü Sulduzda da məhbuslarla bağlı vəziyyətin ağır olduğunu deyir. 2006-cı ilin may hadisələri zamanı Sulduzda ən azı 4 nəfərin şəhid olduğu bildirilmişdi. Şəhidlərdən birinin Tohid Azəriyyunun qardaşı da 20 gün bundan əvvəl həbs olunub və o zamandan bəri onun harada saxlandığı barədə məlumat yoxdur.

ASMEK bildirir ki, Təbriz, Urmiyə, Sulduz, Zəncan və digər şəhərlərdə həbs olunanların heç biri vəkillə təmin olunmur. Əksəriyyətinin hətta ailələri ilə belə təmasları qadağan olunub. ASMEK İran rəsmilərini məhbusların konstiusion hüquqlarına hörmət etməyə çağırır.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG