Accessibility links

Dəyirmi masa söhbəti: Azərbaycanda mətbuat azadlığı


Tok şounun mövzusu Azərbaycanda söz azadlığının durumu və ölkədə azad mətbuata təzyiq göstərən məmurlara qarşı viza sanksiyalarının tətbiq edilməsi xahişi ilə hüquq müdafiəçilərinin Avropa Birliyinə müraciətidir. Qonaqlarımız Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı və hakim Yeni Azərbaycan Partiyasının sözçüsü Hüseyn Paşayev idi.

Azərbaycanda 7 jurnalist böhtan və təhqir də daxil olmaqla müxtəlif ittihamlarla həbsdədir. Daha 10 jurnalistin eyni ittihamlarla şərti məhkumluğu var. Jurnalistlərə qarşı hücum faktlarının araşdırılıb günahkarların cəzalandırılması statistikası 0-dır. Ötən bir il ərzində azı dörd mətbuat orqanı binalarından zorla köçürülüb. 2006-cı ilin yanvarından 2007-ci ilin mayınadək 15 məhkəmə iddiası əsasında çıxarılan məhkəmə cərimələrinin ümumi məbləği 500 min dollardan çox olub.

Bu günlərdə Azərbaycanın 150-dək qeyri-hökumət təşkilatı və hüquq-müdafiəçisi, mətbuat rəhbəri Avropa İttifaqını ölkədə söz və mətbuat azadlığını məhdudlaşdırdığına görə bir sıra yüksək vəzifəli dövlət məmurlarına viza sanksiyaları tətbiq etməyə çağırıb. Artıq söz azadlığına basqılarda ittiham olunan məmur və hakimlərin müvafiq siyahısı da hazırlanıb.

Müraciət Sülh və Demokratiya İnstitutunun təşəbbüsü ilə Avropa İttifaqına sədrlik edən, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerə çatdırılıb.

İndiyədək Avropa Birliyinin praktikasında belə sanksiyalar tətbiq edilib. Keçən il Belarusda keçirilən prezident seçkilərindən sonra müxalifətə qarşı tətbiq edilən basqılara cavab olaraq ABŞ və Avropa Birliyi prezident Aleksandr Lukaşenko başda olmaqla 30 Belarus rəsmisinə qarşı viza sanksiyaları tətbiq edib. Birləşmiş Ştatlar hətta bu şəxslərin ABŞ banklarında hesablarının dondurulması barədə də qərar verib. Bu il iyunun 15-də ABŞ prezidenti Corc Buş həmin sanksiyanın qüvvəsini daha bir il müddətinə uzadıb.

XS
SM
MD
LG