Accessibility links

Iranlı din xadimi beş min tümənlik əskinasların irqçi siyasəti əks etdirdiyini deyir


Bir neçə ay bundan öncə İran hökumətinin dövriyəyə buraxdığı 5 min tümənlik əskinaslarla bağlı mübahisələr səngimək bilmir. İran rejiminin nüvə ambisiyalarını tərənnüm etdirən pullar həm də teoloji mübahisəyə səbəb olub.

İran Azərbaycanının bir çox şəhərlərində fəallardan alınan məlumatlara görə, yeni beş min tümənlik əskinasların bazarda dövriyyəsini təmin etmək mümkün olmayıb.

Azərbaycanlı tacirlər yeni əskinasların üzərində yazılmış, Məhəmməd peyğəmbərə aid edilən hədisdən narazılıqlarını bu pul vahidini qəbul etməməklə ifadə edirlər.

Əskinasların üzərində yazılmış “Elm Sürəyya ulduzunda olsa da fars kişilərinin əli ona çatacaq” sözləri azərbaycanlı əhalinin heysiyyətinə toxunub. Xatırladaq ki, əskinaslar dövriyyəyə buraxılanda bir sıra Türkiyəli və Azərbaycanlı teoloqlar Məhəmməd peyğəmbərin belə bir hədisə imza atmadığını demişdilər. İranlı din xadimləri isə məsələ ilə bağlı indiyə kimi susqunluq nümayiş etdirirdi.

İranın Qum şəhərində yaşayan höccətülislam Əbdüləzim Əzimiqədim də hədisin doğruluğuna şübhə ilə yanaşır.

Amerikanın səsinə müsahibəsində höccətülislam əskinasın üzərində əks olunan kəlamın İranın elmi potensialı barədə yanlış təsəvvür yaratdığını deyir.

Əbdüləzim Əzimiqədimin sözlərinə görə, əskinasın üzərində verilən kəlam İran rejiminin irqçi siyasətinin sübutudur.

Azərbaycan siyasi məhbuisları müdafiə komitəsi Təbriz, Sulduz və Nəqədeh kimi şəhərlərdə pulu qəbul etməkdən imtinaya görə adamların ettelaat idarəsinə çağırıldığı və təhdidlərlə üzləşdiyini xəbər verir.

XS
SM
MD
LG