Accessibility links

Demokrat namizədlərin daha bir debatı keçirilib


ABŞ prezidentliyinə demokrat namizədlər İllinois ştatının Çikaqo şəhərinin stadionunda 90 dəqiqəlik debatlarda iştirak edib. Namizədlər əsasən ölkə infrastrukturuna daha artıq investisiya qoyulması, İraq müharibəsi xərclərinin azaldılması ətrafında diskussiya keçirib. Sənaye Təşkilatlarının Əmək-Konqres Federasiyasının sponsorluğu ilə keçirilən Çikaqo debatlarında Konnektikut ştatından senator Kris Dodd bildirib ki, ölkənin işə cəlb edilməsi İraq müharibəsi xərclərini azalda bilər. Senator deyib ki, bir milyard ABŞ dollarının ölkə daxilində xərclənməsi 40 min yeni iş yerinin açılması deməkdir. Nyu-York senatoru Hillari Klinton da eyni mövqedən çıxış edərək, infrastruktura investisiya qoyuluşunun mühümlüyünü vurğulayıb. O deyib ki, yeni iş yerlərinin yaradılmasına limanlar, tunellər və terroristlərin hədəfi ola bilən digər yerlərin təhlükəsizliyinin möhkəmləndirilməsi yardım edə bilər. Ticarətlə bağlı məsələyə gəldikdə isə Hillari Klinton Amerika Birləşmiş Ştatlarının ticarət sahəsində ciddi islahatlara ehtiyacı olduğunu bildirib. Konnektokut ştatından senator Kris Dodd isə Barak Obamanın Pakistanda terrorçulara qarşı mübarizə yolları barədə bu yaxınlarda dediklərini tənqid edib. O bildirib ki, general Müşərrəf Tomas Ceferson deyil, lakin o, terrorizmə qarşı mübarizədə ABŞ-ın müttəfiqidir. Xatırladaq ki, Barak Obama prezident seçilərsə, prezident Pərviz Müşərrəfdən soruşmadan belə Pakistandakı terrorçulara zərbə endiriləcəyini demişdi. 30 dərəcə isti hava şəraitində keçirilən debatları 15 min adam izləyib.

XS
SM
MD
LG