Accessibility links

Orta sinif amerikalılar iqtisadi durumdan narazıdır


Birləşmiş Ştatların qiymətli kağızlar birjası inkişaf edir, bu sahə üzrə işsizlik ən aşağı həddədir. Sorğularsa amerikalıların öz iqtisadi stabilliyinə görə narahat olduğunu göstərir.

ABŞ iqtisadiyyatı son 66 ay ərzində stabil inkişaf edərək 7.5 milyon dollar yeni iş yerinin yaranmasına və qiymətli kağızlar bazarının rekord yüksəkliklərə qalxmasına yol açıb.

Lakin USA Today və Gallop sorğusunun nəticələrinə görə, yenə də hər 10 amerikalıdan altısı beş il əvvəl iqtisadiyyatın daha yaxşı durumda olduğu qənaətindədir.

Amerika Sahibkarlar İnstitutundan Desmond Ləkmən ictimaiyyətin fikri ilə razı deyil: "İqtisadi göstəricilər - iş yerlərinin yaradılması, gəlir artımı, ilə bağlı statistika orta amerikalının bu gün beş il bundan öncəkindən daha yaxşı vəziyyətdə olduğunu göstərir".

Ekspertin fikrincə, Amerikanın orta sinfi tənəzzül etmir, sadəcə işinin və imtiyazlarının stabilliyinə görə narahatdır: "Indi iqtisadiyyat 10, 15 il bundan əvvəlkindən fərqlənir. İndi daha çox texnoloji dəyişikliklər və xaricdən daha çox rəqabət var. Odur ki, 10-15 il bundan əvvəllə müqayisədə risqlər daha artıqdır".

Konservativ Heritage fondundan Rey Hederman da amerikada orta sinfin çiçəkləndiyi qənaətini bölüşür: "İldə 75 min dollardan artıq qazanan ailələrin sayı artıb, 35 min dollardan az qazanan ailələrin sayı isə azalıb. Görünən budur ki, ailə gəlirləri əməlli başlı artıb".

Lakin Federal Rezerv bankının sədri Ben Bernanke bu yaxınlarda etiraf edib ki, orta sinfin gəlir artımı yüksək gəlirlilərin artım tempi ilə üst üstə düşmür. 2005-ci ildə Amerikanın ən iri 500 şirkətinin ən adi meneceri orta gəlirli fəhlədən 262 dəfə artıq qazanıb. Rey Hederman isə hesab edir ki, gəlir artımındakı uçurum orta sinfin yaşayış standartlarına heç təsir göstərmir: "İqtisadi artımdan hər kəs bəhrələnib. Əgər hamının gəliri artırsa, başqalarının daha yaxşı yaşaması bizim geridə qaldığımıza dəlalət etmir. Əgər artan iqtisadiyyat çörəyindən hamıya pay düşübsə, hamı razı qalmalıdır”.

Başqa ekspertlər bu fikirlə razı deyil. Brukinqs institutundan Elizabet Ceykobs deyir ki, orta sinif Amerika iqtisadiyyatından öz payını ala bilmir. Ailə gəlirləri artsa da, amerikalılar bu üstünlüyü qazanmaqdan ötrü daha artıq işləməli olublar.

Qlobal iqtisadiyyata keçid bəzi amerikalılar üçün çox ağrılı olub. Belə ki, bir çox iş yerləri xaricdə daha ucuz işçi qüvvəyə həvalə olunur. Bir çox ekspertlər hesab edir ki, 21-ci əsrdə ABŞ işçilərinin iqtisadi stabilliyi 2008-ci il prezident və konqress seçkilərində əsas mövzulardan biri olacaq.

XS
SM
MD
LG