Accessibility links

İraq qaçqınlarına yardım səfərbərliyi


Müharibə əleyhinə hərəkat fəalı İordaniyada kütləvi qaçqın böhranı ilə bağlı işləyən iraqlılarla görüşlər keçirdikdən sonra Londona gəlib. Müharibə nəticəsində dörd milyon iraqlı vindən didərgin düşüb. Onların yarısı əsasən İordaniya və Suriyada olmaqla qaçqın həyatı yaşayır.

Sindi Şihanın adı qəzet başlıqlarına ilk dəfə 2004-cü ildə İraqda əsgər olan oğlu Keysinin ölümündən sonra o, Prezident Corc Buşun Texasdakı rançosunun qarşısında sülh çadırı quranda düşmüşdü.

Çərşənbə axşamı Sindi Şihan qaçqınlarla bağlı vəziyyəti öz gözü ilə görmək üçün getdiyi İordaniyadan qayıdanda Londonda mətbuat konfransı keçirib. Onun sözlərinə görə, sığınacaq verən ölkələrdə humanitar böhran baş alıb gedir:

"İraqda iki milyona yaxın məcburi köçkün var. bundan əlavə, iraqlıların sözlərinə görə, İordaniyada bir milyona yaxın, Suriyada isə 2 milyona yaxın qaçqın sığınacaq tapıb. Onların çox adi insani şəraiti yoxdur. Uşaqlar məktəbə gedə bilmir, özləri tibbi yardım almırlar. Iordaniyada iş var, amma onların işləmək hüququ yoxdur. Suriyada işləmək hüquqları var, amma iş yoxdur".

Sindi Şihan deyir ki, ailələrini dolandırmaq üçün fahişəlik edən gənc qızları görmək çox acıdır. Onun qurduğu Cəmp Keysi Sülh İnstitutu digər müharibə əleyhinə təşkilatlarla birgə Birləşmiş Ştatlarda böhranla bağlı məlumatlandırma işi aparır.

Bu məqsədlə sentyabrın 15-də Vaşinqtonda və İraqda kütləvi səfərbərlik olacaq. Lakin Sindi Şihanın sözlərinə görə, bu müvəqqəti tədbirdir:

"Onlara hər şeydən çox işğalçı qüvvələrin çıxması və ölkənin onların qayıtması üçün kifayət qədər stabil olması yardımçı ola bilər. Odur ki, bizim burda iki problemimiz var. Humanitar yardıma ehtiyacı olan milyonlarla adam və daha artıq qaçqın yaratmamaq üçün işğala son qoyulması..."

Şihan deyir ki, ABŞ qüvvələrinin İraq xalqının təhlükəsizliyini təmin edə bilməməsi müharibə cinayətidir. Onun sözlərinə görə, Birləşmiş Ştatların BMT qaçqınlarla iş üzrə Ali Komissarlığına 25 milyon dollarlıq ianəsi kifayət deyil:

"Bu, iki saatlıq müharibə büdcəsidir. Biz müharibədə hər saatda 12 milyon dollar xərcləyirik. Odur ki bu yardım qeyri-adekvatdır".

Avqustun əvvəlində Şihan Nümayəndələr Palatasının spikeri - demokrat Nensi Pelosinin Konqresdəki yerini tutmaq üçün Kaliforniyadan namizədliyini irəli sürəcəyini bəyan etmişdi.

Şihan deyir ki, 2006-cı ildə Konqres üzərində nəzarəti əldə edən demokratlar kampaniya dövründə verdikləri vədlərə sadiq deyillər. Sindi Şihan bitərəf namizəd olaraq seçilmək ümidindədir.

XS
SM
MD
LG