Accessibility links

Beynəlxalq Amnistiya Səid Mətinpur və Saleh Kamranini vicdan məhbusu elan edib


Beynəlxalq Amnistiya təşkilatı avqustun 18-də həbs olunmuş vəkil Saleh Kamrani və mayın 19-da həbs olunmuş jurnalist Səid Mətinpur haqqında bəyanat verərək, onların vicdan məhbusu olduqlarını bildirib.

Hər iki məhbus Tehranın Evin zindanında saxlanılır. Avqustun 23-də yayılan bəyanatda Beynəlxalq Amnistiya Səid Mətinpurun televiziya ilə etiraflara məcbur edilmək məqsədilə işgəncəyə məruz qaldığını bildirir.

Bəyanatda deyilir ki, Səid Mətinpura həbsindən sonra ailəsi və vəkillə görüş imkanı verilməyib və onun yeganə təmasları həddindən artıq qısa telefon zənglərindən ibarət olub.

Saleh Kamrani İranda tanınmış vəkillərdən biridir və azərbaycanlı hərəkat fəallarının işlərini öhdəsinə götürdüyü üçün 2006-cı ilin mayında da həbs olunmuşdu.

Qohumunun toy məclisində həbs olunan Saleh Kamraninin həyat yoldaşı Mina Əsgəri ərinin harada olduğunu bir neçə məhkəməyə baş vurandan sonra, böyük çətinliklə öyrənə bilib. Məhbusa ailəsi ilə görüş imkanı və vəkil tərəfindən təmsil olunmaq hüququ verilmir.

Həbsindən üç gün sonra Saleh Kamraniyə evinə telefon açaraq yalnız farsca danışmaq imkanı verilib. Bu səbəbdən o, fars dilini bilməyən anası ilə danışa bilməyib.

Mina Əsgəri həyat yoldaşının “mənim dalımca gəlmə” xahişini məcburən deyilmiş sözlər adlandırır və hüquq müdafiəçiləri ilə təmasları davam etdirəcəyini deyir.

Saleh Kamrani İranda azərbaycanlı və digər milli azlıqlardan olan siyasi məhbuslara vəkillik edən nadir hüquqşünaslardan biridir. Onun son işi də elə ərəb yazıçısı Bənitorofun ittihamı ilə bağlı olub.

Mina Əsgəri ərinin həbsinin bu işlə, yaxud Əhmədinejadın Bakıya səfəri ərəfəsində təzyiqləri artırmaq cəhdi ilə bağlı olduğu barədə suallara cavab verməkdə çətinlik çəkir.

Mina Əsgərinin sözlərinə görə, 2006-cı ildəki həbsi zamanı Saleh Kamraniyə ruhi işgəncələr verilib və indi o, ərinin fiziki və ruhi təzyiqlərə məruz qaldığından narahatdır.

Beynəlxalq Amnistiya da həm Saleh Kamraninin, həm də Səid Mətinpurun işgəncələrə məruz qalmasından narahatlığını ifadə edir və İranda azərbaycanlıların hüquqlarını müdafiəsi üçün dinc fəaliyyətinə görə həbs olunmuş bu fəalların azadlığa buraxılması tələbilə təcili tədbir kampaniyasına başlayıb.

Tam reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG