Accessibility links

İranda azərbaycanlılara qarşı təzyiqlər artır


İran Azərbaycanında milli mədəni hüquqlar uğrunda mübarizə aparan fəallara qarşı təzyiqlərin artdığı xəbər verilir.

Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin (ASMEK) sözçüsü Əlirza Quluncunun verdiyi məlumata görə, son günlərdə İranda azərbaycanlı fəalların yeni həbs dalğası başlayıb. Avqustun 18-də vəkil Saleh Kamrani və universitet müəllimi Abdullah Abbasi Cavan həbs ediliblər.

Əlirza Quluncu yeni həbslərlə bərabər artıq həbsdə olan azərbaycanlı hərəkat fəallarına qarşı da təzyiqlərin artdığını deyir. Belə ki, bəzi məhbuslara işgəncələr artırılır, bəzilərinə qarşı isə yeni məhkəmə işləri açılır.

Hərəkatın tanınmış simalarından biri Abbas Lisani və gənc hərəkat fəalı Hadi Həmidi Şəfiqə qarşı isə yeni məhkəmə işləri gözlənilir. Abbas Lisaninin daha bir məhkəməsi avqustun 26-da Ərdəbil İnqilab məhkəməsinin 8-ci bölümündə keçiriləcək.

Əlirza Quluncu yeni təzyiq dalğasının nə ilə bağlı olduğu barədə fikir söyləməyə çətinlik çəkir. Lakin son zamanlarda paytaxt Tehrana yaxın bölgələrdə azərbaycanlı fəallara qarşı təzyiqlərin xüsusilə artdığını qeyd edir.

ASMEK sözçüsü bildirir ki, məhbusların bir çoxuna vəkillə təmsil olunmaq imkanı verilmir. Əlirza Quluncunun sözlərinə görə, basqılara baxmayaraq bir çox məhbusların yaxınları və dostları həbslər barədə məlumatları ötürməkdə davam edir.

XS
SM
MD
LG