Accessibility links

İlan Berman: İran özünə tərəfdaş axtarır


Bir çox ekspertlər İran prezidentinin Ermənistana səfərinə İslam Respublikasının son zamanlar yürütdüyü aktiv regional siyasətin tərkib hissəsi kimi baxır. ABŞ-da qeyri-hökumət təşkilatı Xarici Siyasət Şurasının İran üzrə mütəxəssisi İlan Berman səfərlə bağlı xidmətimizə şərhində İranın özünə cidd-cəhdlə tərəfdar axtardığını söyləyir.

“İran rejimi dünya ilə iqtisadi tellərini genişləndirmək üçün çoxlu vaxt və siyasi kapital sərf edir. Spesifik olaraq Tehran sabiq Sovet məkanına, ələlxüsus Mərkəzi Asiya və Qafqaza diqqət yetirməkdədir. Ermənistan İran siyasətində mühüm yer tutur, çünki bu ölkə potensial müttəfiqdir. Belə ki, Azərbaycan NATO və Buş administrasiyasının İranla bağlı planlarında həm iqtisadi həm də hərbi baxımdan yer alır. Ermənistan həmçinin İran enerjisinin ötürülməsində razılıq verən tərəfdaşdır.”

Bermanın sözlərinə görə İranın regional siyasəti Qərblə qarşıdurmada özünün təcrid olunmasının qarşısını almağa yönəlib. Vaşinqtonun hazırkı siyasətinin məqsədi odur ki, İran ətrafındakı həlqə daralsın. Hazırda Birləşmiş Ştatlar İranla həmsərhəd İraqda, Əfqanıstanda və Körfəz regionunda iri hərbi qüvvə saxlayır. İranın şimal sərhədlərində ABŞ-ın oturuşması İslam Respublikasının taleyini sual altına qoya bilər.

“İran çalışır ki, sabiq Sovet respublikalarını Avropa və Qərblə əməkdaşlıqdan yayındırsın. İran bunu həm iqtisadi səbəblər üzündən edir, həm də özünü qorumağa çalışır. Məlumdur ki, İranın region üçün nəzərdə tutduğu model işə yaramır, bu uzun müddətli biznes maraqlarına cavab vermir. Heç kəs İranın nümunəsini təqlid etmək istəmir. Belə olan şəraitdə İranla əməkdaşlıq baha başa gələ bilər. Artıq indidən Qərb dövlətləri İrana qarşı ciddi sanksiyalar paketini nəzərdən keçirirlər. Bu qarşıdurmada İranla çiyin-çiyinə durmaq səhv olardı. Əlbəttə ki, İran bunu arzulayır. Amma Qafqazadkı dövlətlər özləri üçün bunun mənfəətini səciyyələndirməlidirlər.”

İlan Bermanın sözlərinə gör İranla qarşıdurmada növbəti mərhələ iqtisadi müharibə və təzyiqlər olacaq. ABŞ-ın koalisiya səyləri İran iqtisadiyyatını dünya bazarından təcrid etməyə yönələcək. Bununla bərabər sabiq Sovet respublikalarına İranla əlaqələri məhudlaşdırmaq üçün ciddi təzyiq müşahidə olunacaq. Son illərdə İranla biznes əlaqələri yaratmış Ermənistan, Azərbaycan və Ukrayna faktiki olaraq seçim qarşısında qalacaqlar.

XS
SM
MD
LG