Accessibility links

Benazir Bhuttonun ölümünə səbəb olan hücum qınanılır


Amerika Birləşmiş Ştatları Pakistanın sabiq baş naziri Benazir Bhuttonun ölümünə səbəb olan hücumu kəskin şəkildə qınamışdır. ABŞ prezidenti Corc Buş xanım Bhuttoya qarşı bu sui-qəsdi qorxaqlıq kimi qiymətləndirərək, hücumun məsuliyyətini daşıyanların ədalət məhkəməsi qarşısına çıxarılmalı olduğunu deyib. Prezident Buş Pakistan lideri Pərviz Müşərrəfi demokratik islahatların davam etdirilməsinə çağırıb. Dövlət Departamenti bu hücumun Pakistanda siyasi barışıq və demokratiyanın inkişafına mane olan ekstremist ünsürlərin hələ də mövcud olduğuna sübut adlandırıb. ABŞ prezidentliyinə namizdələr Benazir Bhuttonun qətli xəbərini dərin kədər hissi və qəzəblə qarşılayıb. Aparıcı respublikaçı namizəd Rudi Culiani terrorizmin yerindən asılı olmayaraq, azadlığın düşməni olduğunu, demokrat namizəd Hillari Klinton isə xanım Bhuttonun qətlini Pakistan üçün faciə adlandırıb. Hindistanın baş naziri Manmihan Singh Benazir Bhuttonun qətlinin regionda mövcud olan terrorizm təhlükəsinin yaddan çıxarılmamasına işarə olduğunu bildirib. Afqanıstan prezidenti Həmid Karzay hücumu qorxaqlıq kimi qiymətləndirərək, sabiq baş nazirin həyatını xalqı yolunda qurban verdiyini deyib.

XS
SM
MD
LG