Accessibility links

Xəzər nefti üzərində sürətlənən mübarizəyə ekspert baxışları


Xəzər dənizinin dibindən Çıxarılan neft birbaşa paytaxt Bakı yaxınlığında olan Sanqaçal terminalına axır. Buraya gətirilən neft enerjiyə susamış Avropa və Asiya ölkələrinə çatmaq üçün Bakı Tbilisi Ceyhan əsas ixrac boru kəməri vasitəsiylə Türkiyənin Ceyhan limanına göndərilir.

Vaşinqtondakı Təhlükəsizlik Siyasəti Mərkəzindən Aleks Aleksiyevin sözlərinə görə, yanacaqla zəngin bu regionda gələcəkdə baş verəcək hadisələr dünyanın qüvvələr tarazlığını dəyişə bilər: “Kim qaz və neft yataqlarına nəzarət edirsə, o həqiqətən böyük gücə malikdir və bu, doğurdan da qüvvələr tarazlığını dəyişir.”

Qərb Bakı-Tbilisi-Ceyhan layihəsini qələbə sayır. Xəzər dənizinin neft və qaz ehtiyatlarının mühüm bir hissəsi hələ də Rusiya boru kəmərləri vasitəsilə axır.

Türkmənistan qısa müddət əvvəl təbii qazını Rusiyaya aparmağı nəzərdə tutan boru kəmərinin inşası haqda razılaşmaya imza atıb. Aleksiyev deyir ki, enerji ehtiyyatları üzərində inhisara malik avtokratik Rusiya siyasi istəklərini qəbul etdirmək üçün dünyaya təzyiq göstərə bilər: “Rusiya, təkcə əmtəələrin qazanc əldə etmək məqsədilə istehsal edilib, satıldığı kapitalist prinsiplər əsasında fəaliyyət göstərmək istəmir. Ruslar karbohidrogen mənbələrindən siyasi məqsədlər üçün istifadəyə üstünlük verirlər”.

Mərkəzi Asiya neft boru kəməri də Rusiyadan yan keçərək Xəzər neftini Əfqanıstan və Pakistan vasitəsilə şərqə çatdırmaq üzərində planlaşdırılıb. Ancaq regionda davam edən zorakılıqlar kəmərin inşasını ləngidir.

Bir müddət əvvəl Rusiya Ukrayna və Belarusa enerji təchizatını kəsmişdi. Çoxları bunun siyasi səbəblərlə bağlı olduğuna inanırdılar. Bu aqressiv hərəkət Bakı Tibilisi Ceyhanın tərəfdarlarının baxışlarını təsdiq edir. Sosial və İqtisadi İnkişaf Mərkəzindən Vüqar Bayramov deyir ki, Azərbaycan Qərblə Əməkdaşlıq edir və “Nabukko” boru kəmərinin tikintisini də dəstəkləyir. Kəmər Xəzər regionundan qaz ixrac edəcək. Cənab Bayramovun sözlərinə görə, Rusiyanın dostu yoxdur: “Onun öz maraqları var. Qərbin bir adəti var ki, dost ölkələrə daha çox gəlir qazandırmaq üçün daha çox iş görür. Ancaq Rusiyanın belə bir təcrübəsi yoxdur.”

Qərb Bakı-Tbilsi Ceyhanı Rusiya iqtisadiyyatının zəif olduğu vaxt tikib. Xarici Əlaqələr üzrə Alman Şurasından Aleksandr Rahın fikrincə, yüksək yanacaq qiymətləri Rusiyanı varlı, güclü edib və dünyanın siyasi arenasına yenidən qaytarıb. Onun sözlərinə görə, Rusiya enerji sahəsində süper dövlət olmaq istəyir.

Cənab Rahr Rusiyanın qlobal arenada öz məqsədlərinə nail olmaq üçün neft və qazın Avropa və Asiyaya ixrac yolları üzərində inhisara malik olmaq istədiyini, ancaq bu bazarın nəzarət edilə bilməyəcək qədər müxtəlif mənbələrlə bağlı olduğunu deyir.

XS
SM
MD
LG