Accessibility links

ABŞ Mətbuatı: İranda köhnə qvardiya sıxışdırılır


İranda dünən İslam inqilabının 29-cu ildönümü qeyd edildi. Bu ərəfədə hökumət islahatçıların parlamentə qaytma şanslarını dəfn etməkdə əzmli görünür. Tehranın Azadlıq meydanında 10 minlərlə nümayişçi qarşısında çıxış edən Prezident Mahmud Əhmədinejad ölkəsinin nüvə proqramını davam etdirəcəyini bildirmiş və fəzaya peyk göndərəcəyini bəyan etmişdir.

Nyu York Taymzın yazdığına görə cəmi bir neçə həftə öncə qüdrətli Nəzarət Şurası islahat yönümlü 2,400 namizədi seçkilərdən diskvalifikasiya edib. Həmin siyasətçiların sırasında 1979-cu ildə Ayətulla Ruhulla Xomeyniyə yaxın olmuş namizədlər də var idi. İslahatçıların aparıcı partiyası dünən xəbərdarlıq edib ki, bir çox siyasi namizədləri diskvalifikasiya etməklə inqilab öz təməl prinsiplərindən uzaqlaşır.

Vaşinqton Post qəzetində çap edilmiş analitik yazıda Tomas Erdbrink də İranda yeni nəsil siyasətçilərin köhnə inqilabçıları kənara sıxışdırdığını deyir. Belə ki, inqilabdan 30 il sonra Xomeyninin silahdaşları olmuş şəxslər Qərblə yaxın münasibətlərin qurulmasına və ölkədə demokratiyanın genişlənməsinə meyl göstərirlər.

Ötən ay yerli seçki komissiyası Xomeyninin nəvəsi Əli Eşraqi daxil olmaqla onlarla mollanı və onun müttəfiqlərini seçkilərə buraxmayıb. Bu növ namizədlər əvvəllər də seçkilərdən kənarlaşdırılıb. Lakin indiki səviyyədə köhnə qvardiya hakimiyyətdən uzaqda saxlanılmayıb. Təhlilçilər deyirlər ki, həmin din xadimlərinin prosesdən uzaqlaşdırılması Prezident Mahmud Əhmədinjeadı gücləndirir. Nəticədə yeni siyasi nəsil formalaşır ki, o, ali dini rəhbərə sadiqdir və daxildə fikir ayrılığına yol vermir. Vaşinqton Postla danışan siyasi təhlilçi Mehrdad Sercuye deyir ki, yeni qvardiyanın imkanları köhnə qvardiyadaından azdır. Ona görə də onlar kifayət qədər müstəqilik nümayiş etdirə bilmirlər. Bu isə öz növbəsində onların daha çox liderə və bu xüsusda Mahmud Əhmədinejada arxalanmasına gətirib çıxarır.

Əgər din xadimləri yenidən hakimiyyətə qayıtmaq istəyirlərsə bunun üçün ən yaxşı şans Əli Əkbər Haşemi Rəfsəncaniyə məxsusdur. Belə ki, o, vaxtilə İrana rəhbərlik etmiş və islahatçı hesab olunan Məıhəmməd Xatəminin varis qismində prezident seçilməsinə imkan yaratmışdı. Lakin yeni nəsil siyasətçilər Rəfsəncaninin tərəfdarlarını korrupsiyada və inqilabi ruhu itirməkdə ittiham edir. Lakin Rəfsəncaninin əksər tərəfdarları qarşıdan gələn seçkilərdə iştirak etməyəcək. Hərçənd ki, yeni nəsil siyasətçilər molla əbası geymirlər, ideologiyaya gəldikdə onlar kifayət qədər radikal dini baxışlara malikdirlər. Təhlilçilər proqnozlaşdırır ki, Mahmud Əhmədinejadın hakimiyyəti dönəmində bu zümrə hökumətdəki mövqelərini bərkitməyi qət edib və bu yönümdə sistematik iş aparır.

XS
SM
MD
LG