Accessibility links

Corc Buş ABŞ-ın Polşa ordusunun modernləşdirilməsinə kömək edəcəyini deyib


Prezident Buş deyib ki, ABŞ-ın Polşada raketlərdən müdafiə sistemi yerləşdirmək planının tərkib hissəsi kimi Birləşmiş Ştatlar Polşa ordusunun modernləşdirilməsinə kömək edəcək. Cənab Buş bu açıqlamanı Polşanın baş naziri Donald Taskla bu gün Ağ Evdə görüşdən sonra verib.

Varşavada rəsmilər qlobal raketlərdən müdafiə sisteminin bir hissəsi kimi ölkədə raket tutan qurğuların yerləşdirilməsinə razı olduqlarını bildiriblər. Lakin Polşa ordusunun müasirləşdirilməsini raketlərin yerləşdirilməsi üçün şərt kimi irəli sürüblər.

Prezident Buş deyib ki, gələn il onun prezidentlik müddəti başa çatmazdan əvvəl ekspertlər Polşanın ehtiyacalarını öyrənib ordunun müasirləşdirilməsinə dair plan hazırlayacaqlar. Polşa bildirir ki, ordunun təcili olaraq müasirləşdirilməsinə ehtiyac var, belə ki, Rusiya raket tutan qurğular yerləşdirildiyi halda, ölkənin nüvə silahına hədəf olacağı ilə hədələyib. Cənab Buş Polşanın İraq və Əfqanıstanda bərpa səylərinə kömək göstərdiyinə görə baş nazir Donald Taska təşəkkürünü bildirib. Prezident Buş görüş zamanı qarşılıqlı təhlükəsizlik daxil olmaqla, bir sıra məsələlərin müzakirə olunduğunu deyib.

XS
SM
MD
LG