Accessibility links

ABŞ Mətbuatı: Türkiyədə siyasi böhran


Ayişə Şəkərci bu il nəhayət müsəlman çadrası ilə universitetə getməyə ümidlə baxırdı. Lakin onun kimilərin dəyərlərini müdafiə edən hakim partiyanın Türkiyədə məhkəməyə düşməsi başlarını örtən qadınlar üçün narahatlıq mənbəyinə çevrilib.

Vaşinqton Post qəzetinin yazdığına görə hakim Ədalət və İnkişaf Partiyası AKP-nin çoxluq təşkil etdiyi parlament Fevral ayında tələbələrə universitetə baş örtüyü ilə getməyə icazə verdi. Hökumətin bu addımı Türkiyədə uzun müddət qərar tutmuş, hakimlər, generallar və universitet rektorlarından ibarət dünyəviçi isteblişmenti hiddətləndirib. Bu hiddətin tərkib hissəsi olaraq Türkiyənin baş prokurorluğu AKP-ni 1923-cü ildə Mustafa Kamal Atatürkün əsasını qoyduğu Türk cümhuriyyəti ənənələrini təhlükə altına qoymaqda ittiham edir.

Qəzetin yazdığına görə hər il minlərlə qadın baş örtüyünə qoyulan qadağa səbəbindən universitetə getmirlər. İmkanı olanlar isə gənc Neslihan Akbulut kimi xaricə üz tuturlar. 1999-cu ildə parlament iclasında baş örtüyünü çıxarmaqdan imtina edən millət vəkili Merve Kavakcı o zaman Ali Məclisdən xaric edilmişdi. İndi xanım Kavakcı qarşıdurmanın fiziki müstəviyə keçə biləcəyini deyir. Onun sözlərinə görə əgər İslamçı partiyanı bağlamaq cəhdləri bu dəfə də özünü büruzə versə onda onun tərəfdaşları bütün imkanlarından idstifadə etmək məcburiyyətində qalacaqlar.

Türkiyədə İslamçılarla dünyəviçilərin qarşıdurması şiddətləndikcə Anakarın yaxın müttəfiqi ABŞ-da bu potensial münaqişə diqqətlə izlənilir. Mühafizəkar Milli İcmal məcmuəsində məqalə ilə çıxış edən Maykl Rubin Türkiyədə 1979-cu ildə İranda baş verdiyi kimi İslam inqilabının real təhlükə olduğunu önə çəkir. Müəllif yazısında diqqəti hazırda Filadelfiyada yaşayan iri bir hərəkatın lideri Fətulla Gülənə yetirir. Gülən hərəkatı həm Türkiyə daxilində, həm də xaricində iri vəsaitlərə malikdir. Təxminlərə görə Gülənin tərəfdarlarının sayı 1 milyonu ötüb və bunların çoxu dövlət idarələrində və ələlxüsus polisdə mühüm mövqelər tuturlar.

AKP-nin Türkiyədə dirçəçişi ilə siyasətdə iştirakı qadağan edilmiş Fətulla Gülün Türkiyəyə qayıdış perspektivləri reallaşa bilər. Baş nazir Rəcəb Təyyib ərdoğan tərəfindən təyin edilmiş İslamçı hakimlərin və dövlət idarələrinin səyləri sayəsində Gülən bu yaxınlarda Türkiyəyə qayıdacağına eyham vurub.

Maykl Rubinin yazdığına görə əgər belə olarsa onda 2008-ci ilin İstanbulu 1979-cu ilin Tehranını xatırlada bilər. O zaman da əksər Qərblilər Ayətulla Ruhulla Xomeyninin kimliyindən xəbərsiz idilər. Asketik imam isə tez-tez hakimiyyətə heç bir iddasının olmadığını bildirir, sadəcə olaraq xalqının rifahını arzuladığını söyləyirdi. Hazırda Gülən də Türkiyənin dünyəvi respublika quruluşuna qarşı aktiv çıxışlar etmir. Lakin Rubinin sözlərinə görə İslamçı qüvvələr tədricən hakimiyyətdə oturuşduqdan sonra onlar Atatükün yıxdığı xilafəti bərpa etməyə çalışacaqlar. Bu xüsusda Maykl Rubin Amerikalı dövlət xadimlərini Türkiyə daxilində cərəyan edən proseslərə müdaxilə etməməyə, ən azı dünyəvi quruluşu dəyişməyə çalışan qüvvələrə yardım göstərməməyə çağırır.

XS
SM
MD
LG