Accessibility links

ABŞ Mətbuatı: Rusiyanın Gürcüstanda təcavüzü


Gürcüstan Rusiyanı dünən hava hüdudlarını pozmaqda və MİQ təyyarəsi vasitəsilə Gürcüstanın dronunu vurmaqda ittiham edib. Rusiya hava qüvvələri Gürcüstanın ittihamlarını rədd edərək bildirib ki, həmin gün Rus pilotları ölkənin cənubi qərbində işləməyib.

Nyu York Taymzın yazdığına görə Gürcüstan tərəfinin açıqladığı videoda dronun son anları lentə alınıb. Orada silueti MİQ 29-a bənzər təyyarənin dron ətrafında dolaşdığı və sonradan kameraya doğru raket atması göstərilir. Rəsmi Tbilisi hücumda hava-hava raketinindən istifadə edildiyini bildirib. Nəzərə alanda ki, nə Gürcüstanın, nə də separatçı Abxaz regionunun MİQ 29 markalı təyyarələri yoxdur, rəsmilər əmindirlər ki, bu əməli Rusiya təyyarəsi törədib. Prezident Mixail Saakaşvili Rusiya lideri Vladimir Putinə zəng edərək onunla 40 dəqiqə telefonda danışıb. Gərgin keçən söhbət əsnasnda cənab Saakaşvili Moskvadan Gürcüstanın suveren ərazisinə qarşı təcavüzə son qoymağı tələb edib. Rusiyanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarına dəstəyi sirr deyil və keçmişdə qarşıdurma xarakterli insidentlər baş verib. Lakin Rus təyyarəsinin Gürcüstan ərazisindəki hücumu və bunun lentə alınması məsələnin ciddiliyinə dəlalət edir.

“Gürcüstanda Təcavüz” başlıqlı redaktor məqaləsində Vaşinqton Post qəzetinin rəhbər heyəti Vladimir Putinin Rusiyanın demokratik qonşularına qarşı əməllərini sərt tənqid edib. Redaktor məqaləsində Moskvanın bu hərəkəti NATO-nun indiyədək regionda zəif mövqeyi ilə əlaqələndirlir. Ötən ay Gürcüstan və Ukraynanın NATO-ya üzvlüyünə dair verilən qarışıq mesaj Vladimir Putində belə təəssürat yaradıb ki, alyans zəifdir. Buna cavab olaraq o, qonşuları Rus maraq dairəsinə qaytarmaq üçün eskalasiya kursu götürüb.

Elə ötən həftə Rusiya prezidenti Abxaziya və Cənubi Osetiya separatçı hökumətləri ilə rəsmi əlaqələr yaradılması haqda göstəriş verib. Cənab Putin güman edir ki, Qərbli müttəfiqlər Gürcüstanın maraqlarını müdafiə etmək üçün konkret addım atamayacaqlar. “Ola bilsin ki, o haqlıdır,” deyə Post yazır. Rusiyanın aqressiv davranışının qarşısını demarşlarla və sərt bəyanatlarla almaq olmaz. Moskvanın provokasiyasına müvafiq cavab qarşıdan gələn Dekabrda NATO yığıncağında Ukrayna və Gürcüstana üzvlük planı təklif etməkdir. Eyni zamanda Qərb Gürcüstanın separatçı regionlarla münaqişələrini həll etmək üçün yeni beynəlxalq mexanizm irəli sürməlidir. Proses Rusiyanın nəzarətindən çıxmazsa, NATO Avropada yeni xəttin çəkilməsinə imkan yaratmış olacaq – elə bir xətt ki, bu, Ukrayna və Gürcüstanı səhv tərəfdə qoyacaq.

XS
SM
MD
LG