Accessibility links

Avrasiyaçılıq: Rusiya-Türkiyə münasibətlərində yaxınlaşma


Bu həftə Vaşinqtonda yerləşən Ceymstaun Fondunda Rusiya-Türkiyə münasibətləri mövzusunda diskussiya keçirilib. Tədbir iştirakçıları iki tarixi rəqib arasında son zamanlar qurulan təmaslara nəzər salıblar.

Diskussiyanın əvvəlində Mərkəzi Asiya və Qafqaz İnstitutu və İpək Yolu proqramında aparıcı tədqiqatçı kimi çalışan Marlen Laruel Rusiya-Türkiyə münasibətləri haqda məruzə ilə çıxış etdi. Avrasiya ideyası vasitəsilə “Rusiya-Türkiyə Yaxınlaşması, Aleksandr Duginin Türkiyədə Şəbəkələri” başlıqlı çıxışda Dr. Laruel son onillikdə regionda cərəyan edən maraqlı tendensiyadan söz açdı.

Müəllifin sözlərinə görə 1990-cı illərin əvvəllərində Qafqaz və Mərkəzi Asiyada rəqabət aparan Türkiyə ilə Rusiya arasındakı münasibətlər gərgin idi. Lakin onilliyin sonunda doğru ali dövlət rəsmilərinin qarşılıqlı səfərləri və dəyişən siyasi dinamika münasibətlərdəki buzu əritməyə başladı. Nəticədə Rusiya Türkiyənin Almaniyadan sonra ikinci ən iri iqtisadi tərəfdaşına çevrildi. Ankara bu yaxınlarda Rusiyadan hərbi ləvazimat sifariş etməklə hərbi əməkdaşlığın əsasını qoydu. Geosiyasi müstəvidə Rusiya Türkiyənin Avropa Birliyin üzvlüyünü və Şimali Kipr üzərində mövqeyini dəstəkləyir. Əvəzində Ankara Moskvanın Yaxın Şərqdə artan roluna müsbət yanaşır.

Dr. Laruel iki ölkə arasındakı yaxınlaşmada kökü 1920-ci illərə gedən Avrasiyaçılıq ideologiyasınn təsirlərini görür. Rusiyada meydana çıxan bu nəzəriyyə Rusiyanın başlıca missiyasının Qərbdə yox, Asiyada olduğunu vurğulayır və Moskvanı Şərqə üz tutmağa səsləyir. Müasir dövrdə bu nəzəriyyənin başlıca təbliğatçısı Aleksandr Dugindir ki, o, Rus siyasi və hərbi dairələrində geniş dəstəyə malikdir. Bir vaxtlar Rusiyanın Almaniya, İran və Yaponiya ilə alyans qurmasını arzulayan Dugin 2000-ci illərdə Türkiyənin də bu alyansa daxil olmasının mühümlüyü qənaətinə gəlib. Türkiyədəki mötədil İslamın və müasir dövlətçiliyin bu alyansa əsas verdiyini düşünən Dugin tez-tez Türkiyəyə baş çəkərək burada bir sıra intellektual dairələrdə şəbəkələr qurmağa başlayıb. Son bir neçə ildə Avropa Birliyinə üzvlükdə maneələrlə qarşılaşan Türkiyənin özündə də Avrasiya ideyasına maraq artıb. Nəticədə Türkiyənin hakim patiyası da daxil olmaqla bütün siyasi spektr boyunca Dugin öz ideologiyasına qüdrətli dostlar qazanıb. Öz növbəsində Rusiya-Türkiyə münasibətlərindəki yaxınlaşma ən azı regional geostrateji müstəvidə strateji dəyişikliyə yol aça bilər, deyə Marlen Laruel fikirlərini tamamlayır.

Dr. Laruelin çıxışına şərh verən Ceymztaun Fondunun Avrasiya Xarici Məsələlər və Müdafiə Siyasəti üzrə eksperti Con Deyli çıxışına tarixə ekskursiyadan başladı. Onun sözlərinə görə hələ Monqol Tatar işğalından başlayaraq müasir zamanlaradək rusların Türkdilli xalqlarla təmasları geniş olub. Rus dövləti 16-cı əsrdən başlayaraq Türkdilli xanlqıların hesabına genişləndikcə Rusiya ilə aparıcı Türk dövləti olan Osmanlı İmperiyası arasındakı düşmənçilik yüksələn xətt üzrə inkişaf etdi. Cənab Deyli nəzərə çatdırdı ki, Rusiya ilə Osmanlı İmperiyası arasında 11 müharibə olduğu halda, cümhuriyyət qurulandan bəri silahlı toqquşma olmayıb. Soyuq Müharibə dövründə NATO-nun dayanıqlı üzvü olan Ankara ilə Moskva arasındakı münasibətlər mənfi qalsa da Sovet İttifaqının dağılması hər iki ölkə üçün müəyyən imkanlar ortaya çıxardı. Deylinin sözlərinə görə bir vaxtlar Pan-Türkizm ideyasını rəğbətlə qarşılayan dairələr tezliklə aşkar etdilər ki, Orta Asiyada Sovet dönəmindən qalma liderlər Türk birliyi ideyasına şübhə ilə yanaşırlar. Və 2003-cü ildə ABŞ-ın İraqa hərbi müdaxiləsi Vaşinqtonla Ankara arasındakı münasibətlərdə kifayət qədər soyuqluq yaratdı ki, bununla Rusiya ilə Türkiyə arasında ümumi maraqlar ideyası münbit şərait əldə etmiş oldu.

Tədbirdən sonra cənab Deyli Türkiyənin Cənubi Qafqazdakı rolu haqda Amerikanın Səsinə danışdı: “Türklər tez-tez Mustafa Kamal Atatürkün məşhur deyimini dilə gətirirlər: ‘Yurdda Sülh Cahanda Sülh’. Zənnimcə Türkiyə Cənbubi Qafqazda və əvvəllər nəzarət etdiyi Balkan regionunda sabitlikdə maraqlıdır. Və bu maraq üzündən Türkiyə Kosovonun müstəqilliyini dəstəklədi. Həmçinin bu səbəbdən də Türkiyə hazırda Cənubi Osetiyadan tutmuş Dağlıq Qarabağadək regionda mövcud olan münaqişələrdə ədalətli vasitəçi rolunda iştirak etməyə can atır.”

XS
SM
MD
LG