Accessibility links

İranın nüvə silahına dair mübahisələr davam edir


İranın nüvə silahına dair mübahisələr davam edir. Bu həftə ABŞ və İran öz mövqelərində möhkəm dayandıqlarını bir daha sübut etməyə çalışıblar. ABŞ dövlət katibi Kondoliza Rays Yaxın Şərqdə sabitsizlik yaratmaq üçün İranın Fələstinin Həmas qrupundan alət kimi istifadə etdiyini bildirib. Amerikanın yəhudi liderləri ilə Vaşinqton görüşü zamanı xanım Rays deyib ki, Həmas yaraqlılarının İran hökumətinin “vasitəsi döyüşçü” rolu İsrailin məhv edilməsinə yönəlib. Həmasa şifahi dəstək verən İran qrupun təlimlərdən keçirildiyinə dair ittihamları rədd edir. Dövlət katibi Rays Vaşinqtonun terrorizm və silahların yayılmasındakı roluna görə İrana qarşı əlavə sanksiyalar tətbiq edəcəyini deyib.

İranın ali ruhani rəhbəri Ayətulla Əli Xamaneyi İrana qarşı beynəlxalq sanksiyaların ölkəsinə təsirinin güclü olmadığını və İranda artıma maneə törətmədiyini bildirib. BMT-nin Təhlükəsizlik Şurasının İrana qarşı üç sanksiya paketinə işarə edən Ayətulla İranın iqtisadi inkişafına bu sanksiyaların təsiri olacağına dair fikirlərin yanlışlığını qeyd edib. Əli Xamaneyi deyib ki, hədələrdən İran imkan kimi istifadə edib. Qeyd edək ki, İranın ali ruhani rəhbərinin bu açıqlaması İranda işsizlik faizlərinin yüksək olduğu bir vaxta təsadüf edir. Hökumət bu göstəricinin 10 faiz təşkil etdiyini desə də, iqtisadçılar işsizliyin 30 faiz olduğunu deyir.

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, İranın nüvə silahı istehsalı ilə yaranmış beynəlxalq narahatlıqlara dair müzakirələr davam etdirilir. Nazir bidlirib ki, Tehranın danışıqlara razılıq verməsi müqabilində nə kimi imtiyazlar əldə edəcəyi barədə İrana izahat verilməlidir. Sergey Lavrov bunları ABŞ, Britaniya, Fransa, Almaniya və Çin həmkarları ilə London görüşündən sonra Moskvada bildirib. O deyib ki, 6 ölkə İrana qarşı əlavə sanksiyalar tətbiq edilməsi məsələsini müzakirə etməyib. Rusiyanın xarici işlər naziri qrupun 2006-cı ilin həvəsləndirici təkliflər paketində dəyişiklik edilmədi barədə razılıq əldə etdiyini desə də, onların detallarına varmayıb.

Bu gün eyni zamanda İranın dövlət mətbuat orqanı olan İRNA nüvə qarşıdurmasına birbaşa işarə etməsə də , İranın ali ruhani rəhbəri Ayətulla ƏLi Xameneyinin dünyanın aparıcı qüdrətlərinin İranla bağlı danışıqlarda nailiyyət əldə edə bilmədiklərini deyib. Əl Xamaneyi bunları Şiraz şəhərində universitet tələbələri qarşısında çıxışı zamanı bildirib.

XS
SM
MD
LG