Accessibility links

Şərhçilər: Medvedevin gələcək siyasəti müəmmadır


Rusiya prezidentliyinə yenicə and içmiş Dmitri Medvedev deyir ki, Rusiyada qanuna həqiqi hörmət ənənəsi inkişaf etdirilməlidir. Lakin yeni prezidentin tənqidçiləri onun vəzifəyə yüksəlişini haqqında danışdığı qanuna hörmət prinsipinə zidd bir fenomen kimi qiymətləndirirlər.

Medvedevin şərəfinə Kremldə keçirilən mərasim böyük təntənə ilə müşaiyət olunub. Cənab Medvedev Kremlə Mercedes Benz markalı limuzində daxil olaraq orada vəzifəsini tərk edən Prezident Vladimir Putin, Konstitutsiya Məhkəməsinin rəhbəri və parlamentin hər iki palatasının başçılarını salamlayıb. Əlini Rusiya konstitutsiyası üzərinə qoyan yeni Kreml lideri sənədə sadiq qalacağını, Rusiya suverenliyini və vətəndaşların insan hüquqlarını qoruyacağına and içib.

Vaşinqton Postun yazdığına görə Rus cəmiyyətində dolaşan başlıca sual indidən belə bu ölkəni kimin idarə edəcəyidir. Moskvada yerləşən Karnegi Mərkəzinin əməkdaşı Lilia Şevtsova hazırda kimin Rusiyaya rəhbərlik etdiyinin qaranlıq qaldığını söyləyir. Nə Putin nə də Medvedev ictimai forumda hakimiyyət bölgüsünü müzakirə etməyiblər. Bu iki şəxs uzun müddət yaxın əlaqələr saxlayıblar. Lakin Rus tarixi göstərir ki, prezident olan şəxs dərhal hakimiyyətin verdiyi imtiyazlardan həzz almağa başlayır.

Medvedevə yaxınlığı ilə tanınan Aleksandr Budberq bu yaxınlarda Moskovski Komsomolets qəzetində yazdığı məqalədə xəbərdarlıq edib ki, heç kim Rusiyada 4 il müddətinə taxtın boş olacağını gözləməməlidir. “Rusiyanı prezident idarə edəcək,” deyə o, qətiyyətlə bildirib.

Rusiyanın bundan sonrakı siyasi dinamikasında mümkün dəyişikliklərə şərh verən Azərbaycanın Rusiyada sabiq səfiri və politoloq Hikmət Hacızadə Medvedevin tədricən hakimiyyətini möhkəmələdə biləcəyini deyir. Onun sözlərinə görə əgər Medvedev liberal siyasət yürüdərsə onda Qərb yeni Rus liderinə dəstək verəcək. Dmitri Medvedevin keçmiş Sovet respublikaları ilə əlaqələri nizamlaması isə Rusiyaya xarici siyasətdə böyük dividentlər gətirə bilər.

XS
SM
MD
LG