Accessibility links

ABŞ-da İlin Müəllimi qeyri-adi metodlara üstünlük verir


İlin Milli Müəllimi adını almış Oreqon ştatının Prinvill şəhərindəki orta məktəb müəllimi Maykl Qeysen əcnəbi dilli tələbələrə dərs demək istəyir. Ona mükafat Ştat Məktəbləri Şurasının İlin Müəllimi Proqramı əsasında verilib. Şura 1952-ci ildən bəri Amerikada ilin müəllimini seçir.
Maykl Qeysenin 35 yaşı var. Əvvəllər o, meşəbəyi idi. Lakin sonra o, təhsil sahəsində Magistraturanı qurtararaq yaşadığı Kruk mahalının orta məktəbində işləməyə başlayıb.
Kruk mahalının belə yüksək dərəcəli insanlara ehtiyacı var idi. O, öz gəlişi ilə bu elm ocağına yeni enerji gətirdi. Maykl çalışdığı məktəbdəki şagirdlərin valideynlərinin də uşaqları ilə birlikdə fəaliyyət göstərmələri üçün özünün yeni layihəsini hazırladı.
Onun sinfində olan şagirdlərdən biri deyir ki, müəllimin sinifdə otun necə yetişdiyini nümayiş etdirməsi şagirdlər üçün maraqlıdır. Tənəffüs zamanı şagirdlər söhbət etmək, hansısa məsləhəti almaq, bəzən də onunla birlikdə gitara çalmaq üçün müəllimləri Maykl Qeysenin otağına gəlirlər. O, tələbələri yaradıcı olmağa yönəldir və dərsliklərdən çox praktikaya üstünlük verir. Maykl söyləyir ki, şagirdlər dərsin öz həyatlarına və icmalarına təsir göstərə bildiyini görəndə onların məktəbə və dərslərə marağı artır.

İki uşaq atası Maykl Qeysen aldığı ünvanla təhsil üzrə sözçü kimi iyun ayının birində fəaliyyətə başlayacaq, ölkəni və dünyanı dolaşacaq.
Keçən həftə prezident Corc Buş Ağ Evdə ölkənin ən yüksək səviyyəli müəllimlərinə mükafatlar verdi. O, Maykl Qeysenin fəaliyyətlərindən, onun başçılıq etdiyi təhsil ocağındakı ilk iki ildə gördüyü işlərdən danışdı. Onun proqramının həyata keçməsi ilə Mayklın məktəbində tələbələrin texniki fənlər üzrə aldığı qiymətlər xeyli yüksəldi.
İlin Müəllimi Maykl Qeysen Ağ Evdəki çıxışında dedi ki, tələbələr təkcə ölçüləsi rəqəmlər deyil. O, qeyd etdi ki, tələbələrin yaradıcılığına, arzularına da önəm verilməli, onların biliyi həyata tətbiq etmələrinə imkan yaradılmalıdır.

XS
SM
MD
LG