Accessibility links

Hazırda ABŞ-a ən çox qeyri-qanuni immiqrantın daxil olduğu yer Laredo şəhəridir


ABŞ-Meksika sərhədi boyunca uzun hasarın tikilməsi bəzi vaxtlar Texasda ən qaynar mübahisələrdən biri olub. ABŞ prezidenti Corc Buş 2006-cı ildə Meksikadan ölkəyə qeyri-qanuni mühacirlərin daxil olmasının qarşısını almaq məqsədi daşıyan 1000 kilometrlik hasarın tikintisi barədə sərəncam verib və indi Texas ABŞ seçki mübarizəsinin mərkəzində olan bir vaxt, mövzu yenidən gündəmə qayıdıb.

Meksikanın Nuevo Laredo şəhərindən axan Rio Qrande çayı boyunca yerləşən Texas ştatının Laredo şəhəri ABŞ-a mühacirlərin ən çox daxil olduğu ərazidir. Birləşmiş Ştatlar gömrük və sərhəd mühafizəçiləri deyir ki, hər il Laredo vasitəsilə 4 milyondan çox insan sərhədi keçir.

Sona çatan debatlar zamanı qanunsuz immiqrantların və qaçaqmalçılığın qarşısını almaq üçün ABŞ – Meksika sərhədində hasar tikilməsi məsələsi qaldırılmayıb. Laredo şəhərinin meri Raul Salinas çəpər çəkilməsinin qəti əleyhinədir. O, problemin həlli üçün alternativ ölçülərə üstünlük verir: “Biz neqativ deyil, pozitiv işlər görməliyik. Fikrimcə divar insanların əlavə vergi pulları israf etməsinə səbəb olur və mənə elə gəlir ki, bu düz deyil. Başqa layihələr də var. Biz qonaq işçi proqramından da istifadə edə bilərik. İnsanlar işləmək istəyir. Onlara imkan verin.”

Laredoda əhalinin 90 faizi latın amerikalıdır. CNN-ın keçirdiyi ictimai rəy sorğusu göstərir ki, bu mənşədən olan Texas əhalisinin 70 faizinin fikrincə, çəpərin tikilməsi qeyri-qanuni immiqrantların sayının azalması ilə nəticələnməyəcək. Ancaq Laredonun yerli hüquq mühafizə orqanları cinayət təhlükələri səbəbilə sərhədi mühafizə etmək üçün səylərin çoxaldılmasına çağırır.

Son 5 ildə Nuevo Laredo ətrafında Meksika narkotik kartelləri arasında gedən zorakı müharibə zamanı yüzlərlə insan həlak olub. Onlar ABŞ-ın bu girişində narkotik ticarətinə nəzarəti ələ keçirmək uğrunda mübarizə aparırlar.

Laredo sakini Antoni Peterson deyir ki, bu, sərhəddə təhlükəsizliyi gücləndirmək üçün tutarlı səbəbdir: “Narkotiklər və onları bölüşən qeyri-qanuni əcnəbilər arasında problemlər var və mənim fikrimcə Konqres və prezident seçiləcək şəxs bunu dərk etməlidir”

San Antoniodakı Tesax Universitetinin müəllimi Şaron Navarro deyir ki, sərhəd boyunca asan fəaliyyət yerli rəsmilər arasında mübahisəyə səbəb olur: “Maliyyə, qeyri-formal iqtisadiyyat sərhədin hər iki tərəfində mövcuddur. Bu, sərhəd iqtisadiyyatları üçün çox vacibdir. Bununla yanaşı, təhlükəsizlik məsələsi də var. Əgər Laredo siyasəti barədə nəsə bilirsinizsə, sərhəddəki cinayətlər barədə də məlumatlısınız. Beləki, iki məsələ var. Birincisi qeyri –qanuni mühacirlərin, ikinicisi isə cinayətlərin qarşısını almaq.”

ABŞ prezidentliyinə Demokrat namizədlər senator Hilari Klinton və Barak Obama, eləcədə respublikaçı namizəd Senator Con Makkeyn 2006-cı ildə sərhəd boyunca çəpərin tikilməsinə səs vermişdilər. Ancaq Texas paytaxtında keçirilən son debatlarda prezidentliyə demokrat iddiaçılar nəzarətin artırılmasının və müşahidə metodlarının təkmilləşdirilməsinin daha yaxşı həll yolu olduğunu deyiblər. Prezident seçkilərinə qalan bu vaxt ərzində ABŞ-Meksiya sərhəddinin hansı yollarla qorunması məsələsi qaynar müzakirə mövzusu olacaq.

Emil Quliyev

XS
SM
MD
LG