Accessibility links

ABŞ Mətbuatı: Gürcüstandakı seçkilər sınaq idi


Gürcüstan prezidenti Mixail Saakaşvili dünən parlament seçkilərində qələbəsini elan etdi. Avropa rəsmiləri seçkilərdə bəzi ədalətsizlik hallarını qeyd etsələr də ümumilikdə səsvermənin Gürcü xalqının rəyini əks etdirdiyini bildiriblər.

Boston Globe qəzetinin yazdığına görə Qərbyönümlü prezident üçün bu seçkilərdə qələbə həm də ona görə mühüm idi ki, Avropa dövlətlərini Gürcüstanı Xəzər dənizindəki neft-qaz yataqlarına başlıca tranzit marşrutu kimi seçməyə və NATO-ya üzv etməyə razı salsın. "Seçki günü ümumilikdə sakit keçib və müsbət qiymətləndirilir," deyə ATƏT-in bəyanatında bildirilir. 40 yaşlı prezidentin demokratik göstəriciləri ötən Noyabrda müxalifət nümayişini əzdikdən sonra şübhə altına gəlmişdi. Yanvarda isə o, növbədənkənar çağırdığı prezident seçkilərindən qalib çıxdı. Bu dəfəki seçkilərdə müşahidəçilər dövlətlə hakim partiya arasındakı xətlərin bəzən qarışdığını qeyd etsələr də ümumən seçkilərin azad və ədalətli keçdiyi qənaətinə gəliblər. Avropa Birliyi səsverməni alqışlamış, eyni zamanda problemlərin mövcudluğunu dilə gətirmişdir.

Nyu York Taymz qəzetinin müxbiri C.J. Çiverzin yazdığına görə Mixail Saakaşvili səsvermədəki uğurun gözlənildiyindən də böyük olmasına təəccüblənib. "Ötən il baş verən siyasi böhrandan sonra mən belə tez ayağa qalxacağımızı gözləmirdim. Biz islahatlar üçün yeni mandat istəyirdik, və belə görünür ki, onu əldə etmişik," deyə prezident bildirib. 3 müxalifət partiyası 5 faizlik baryeri aşaraq parlamentə daxil ola bilib. Bununla belə bu qədər səslə onların Saakaşvili hökumətinə ciddi maneə törədəcəkləri güman edilmir.

ABŞ-ın Kolumbiya Universitetində təhsil almış Saakaşvili 2003-cü ildə məxməri inqilab nəticəsində Eduard Şevardnadze hökumətini devirib. O, qatı Qərbpərəst siyasət yürüdərək Gürcüstanın Avropa Bilriyi və NATO-ya daxil olması yönümündə səylər göstərir. Ölkənin bir vaxtlar durğunluq keçirən iqtisadiyyatı Saakaşvilinin hakimiyyəti altında artım görməyə başlayıb, hərçənd ki, kənd yerlərində yoxsulluq və işsizlik qalır. Saakaşvilinin Rusiya ilə qarşıdurması da bu kiçik ölkəni dünya səhnəsində tanıdıb.

Rəqibləri deyirlər ki, hakimiyyət Saakaşvilini dəyişib və o, dissentə qarşı qeyri-tolerant olub. Onlar Saakaşvilinin ölkəni dar şəxsi dairəsinə mənsub olan adamlar vasitəsilə idarə etdiyini iddia edirlər. Tənqidçilər habelə hakimiyyət balansının olmadığını önə çəkərək, ölkənin klanlı idarəçilik sistemi əsasında idarə olunduğunu deyib. Müxalifətdə olan Xristian Demokratik Hərəkatnn lideri Giorgi Tarqamadze prezidenti müxalifətə barışıq əli uzatmağa və ölkənin idarəçiliyində onların da təmsil olunmasına şərait yaratmağa çağırıb. Onun fikrincə bu növ xoşməramlı addımlarla prezident ölkənin siyasti atmosferində qarşılıqlı etimad hissini bərpa edə bilər.

XS
SM
MD
LG