Accessibility links

ABŞ Mətbuatı: Ali Məhkəmənin silah saxlama hüququ haqda tarixi qərarı


Dünən ABŞ ali məhkəməsi tarixi qərarında inzibati adı Kolumbiya mahalı olan və heç bir ştatın tərkibinə daxil olmayan Vaşinqton şəhərində evdə silah saxlamağa qoyulan qadağanı qeyri-konstitutsion elan etdi. İllərdir ki, Amerikada silah saxlamağın qanuniliyi ilə bağlı cərəyan edən debatlarda bu qərara dönüş nöqtəsi kimi baxılır.

9 hakimdən ibarət ali məhkəmənin 5 hakimi paytaxt Vaşinqton şəhərinin qadağasını ştat milislərinə və insanlara silah saxlamaq və gəzdirmək hüququ verilməsini təmin edən Hüquqlar Haqda Billin ikinci maddəsinin pozulması kimi dəyərləndirir. Çoxluğun mövqeyini yazıllı şəkildə ifadə edən hakim Antonin Skaliya ölkədə silahlı zorakılıq problemindən xəbərdar olduğunu və tapança silahlarına qoyulan qadağanın tərəfdarlarının arqumentlərinə ciddi yanaşdığını bildirib. Lakin o, əlavə edib ki, 2 əsrdən çox yaşı olan konstitutsiyada təsbit olunan hüquqlar bir sıra siyasi seçimləri sadəcə olaraq aradan qaldırır. Skaliyanın sözlərinə görə məhkəmənin ikinci maddəni ləğv etmək hüququ yoxdur. Əks mövqedən çıxış edən hakim Con Pol Stivens ikinci maddənin səhv interpretasiya olunduğunu və bunun fərdlərə silah saxlamaq hüququ vermək olmadığını bildirib.

Nyu York Taymz qəzetinin baş məqaləsində Ali Məhkəmənin qərarına rekasiya verən redaksiya heyəti hər il 32 min Amerikalının odlu silahla öldürüldüyünü önə çəkir. Bu isə o deməkdir ki, çoxlu sayda Amerikalılar əbəs yerə həyatlarını itirməkdə davam edəcəklər. Hakim Antonin Skaliya və başqa 4 hakimin mövqeyini radikal adlandıran Nyu York Taymz Hüquqlar Haqda Billin ikinci maddəsinin fərdlər üçün deyil, yalnız hərbi məqsədlər üçün nəzərdə tutulduğunu iddia edir.

Paytaxtda nəşr edilən Vaşinqton Post qəzeti də Ali Məhkəmənin qərarını qeyri-düzgün adlandırır. Ali Məhkəmədə mühafizəkar hakimlərin çoxluq təşkil etdiyini qeyd edən redaktor məqaləsində Vaşinqton Post məhkəmənin birbaşa Vaşinqton şəhər hakimiyyətinin qərarlarını ləğv etməsini sərt və lüzumsuz ölçü kimi görür. Redaksiya heyətinin fikrincə daha yaxşı olardı ki, bu məsələ ilə bağlı mübahisə aşağı instansiyalı məhkəmə otaqlarında debata çıxarılaydı. Həmin qanunun daha çox qarışıqlıq yaradacağını söyləyən Vaşinqton Post yerli hökuməti Ali Məhkəmənin qərarı çərçivəsində silahlara çıxışı kifayət qədər məhdudlaşdırmağa çağırır.

Mühafizəkar Milli İcmal məcmuəsi Ali Məhkəmənin qərarını alqışlayaraq bunu azman konstitutsiyanın qələbəsi adlandırıb. İllər boyu Nyu York, Çikaqo və başqa ABŞ şəhərlərində vətəndaşların silah saxlamaq hüququ hökumətlər tərəfindən arbitrar olaraq pozulub. Vaşinqton şəhərində bu anti-konstitutsion qadağanı ləğv etməklə Ali Məhkəmə Konstitutsiyaya sadiqliyini nümayiş etdirib, deyə yazıda bildirilir. Milli İcmal habelə qeyd edir ki, Vaşinqton şəhər hakimiyyəti bu qadağanı tətbiq edən cinayətə qarşı mübarizəni əsas kimi göstərirdi. Lakin o vaxtdan uzun müddət keçmiş silah qadağası cinayət statistikasna ciddi təsir göstərməyib. Milli Elmlər Akademiyası və Xəstəliklərə Nəzarət Mərkəzi kimi anti-silah qurumları da artıq bu faktı təsdiq ediblər.

XS
SM
MD
LG