Accessibility links

İranın nüvə ambisiyalarına qarşı təzyiqlər artır


Buş administrasiyası İranın nüvə məsələsinin diplomatik yolla həlli üçün fəaliyyətlərini davam etdirir. Heç vaxt qəti şəkildə bəyan edilməsə də, hərbi addımın atılması diplomatik manevrlərdən yuxarıda durur. Son aylar İrana hücum barədə söz-söhbətlər azalsa da, məsələ yenidən gündəmə düşüb.

İsrail qüvvələrinin son hava təlimləri barədə detalları ABŞ və Böyük Britaniya qəzetlərində nəşr olunmuş və adları çəkilməyən Birləşmiş Ştatlar və İsrail rəsmiləri bu manevrlərin İranın nüvə vasitələrinə hucumun mümkünlüyü üçün həyata keçirildiyini bildirmişdi.

Bəzi analitiklər deyir ki, İsrailin təlimləri İrana qarşı ölçülər götürməsi üçün ABŞ-a təzyiq göstərmək məqsədi daşıyır.

Hərbi məsələlər üzrə mütəxəssis Ken Katzmanın sözlərinə görə, İsrail Amerikanın əməkdaşlığı olmadan İrana hücum edə bilməz. Dövlət Departamentinin Yaxın Şərq və Cənubi Asiya üzrə sabiq kəşfiyyat agenti Veyn Vayt İranla İsrail arasında məsafənin uzun olduğunu deyir: "Bu məsəfədə israillilərin problemi var. Onların hava hücumu məhduddur."

Özəl kəşfiyyat şirkəti Stratforun analizi göstərir ki, havada yanacaqdoldurma prosesi ehtimal ki İraq ərazisində həyata keçirilməlidir və İraq ərazisi isə hazırda ABŞ-ın nəzarətindədir. Bu isə o deməkdir ki, hətta ABŞ rəsmən açıqlasa ki, İsrail bu hücumu birtərəfli həyata keçirib, yenə də Birləşmiş Ştatlarında bu hücumda əli olduğu hiss olunacaq.

ABŞ-ın baş qərargahlar rəisi admiral Mayk Mallen İsrailə getməyə hazırlaşır. Pentaqon sözçüsü deyir ki, orada o, İsrail rəsmiləri ilə İran məsələsini müzakirə edəcək. Sözçü diplomatik və iqtisadi təzyiqlərin hərbi müdaxilə ilə müqayisədə daha qabarıq olduğunu vurğulayıb.

Vaşinqton Yaxın Şərq Siyasəti üzrə İnstututu "Son vasitə" adlı yazı dərc edib. Bu, qeyri-hökumət araşdırma instututunun İrana qarşı ehtiyat hərbi addım strategiyasını cəmiyyətə izah etdiyi ilk nəşrdir.

Yazının təqdimat mərasimində həmmüəllif Mişel Eysenstad bu strategiyanı dəstəkləmədiyini bildirib. Onun sözlərinə görə, əgər bu baş versə belə, guman ki, uzun bir proses olacaq. Veyn Vayt isə ilk hücumda nüvə vasitələrini vurmağın mümkün olmadığını deyir.

Mişel Eysenstadın sözlərinə görə, səma kampaniyası sadəcə fiziki zərbə vurmaqdan ibarət ola bilməz. Analitiklərin fikrincə İran da öz növbəsində ABŞ və İsrailə müqavimət forması olaraq terror hücumları da daxil olmaqla bütün yollara əl ata bilər.

XS
SM
MD
LG