Accessibility links

ABŞ mətbuatının  Rusiya Gürcüstan münaqişəsi barədə yazdıqları


"Qərb cəbhəsi birləşməlidir". Bunu Washington Post qəzeti Gürcüstanda baş verən son hadisələrə dair məqaləsində yazır.
Qəzet bildirir ki, Qərblə Rusiya "soyuq müharibə" dövründəki yol ayrıcına yenidən çıxıblar.
Və Moskvanın Gürcüstana qarşı başladıgı hərbi həmlənin əsas mərkəzində qəzetin fikrincə, baş nazir Vladimir Putin durur.
Belə ki, Washington Postun mülahizəsinə görə, Qərb uzun müddət Putinə şirin sözlər vəd edərək, onu uşaq yerinə qoyub, o isə indi geosiyasi təhdidlərə cavab vermək məcburiyyətində oldugunu göstərmək istəyir.
Rusiyanın həndəvərindəki Gürcüstan və Ukrayna kimi ölkələr müstəqilliklərini qorumaq üçün Qərbdən kömək istədikdə, Qərb dövlətləri onlara adi simpatiyadan başqa heç nə vermədilər.
"İndi heç bir şubhə yoxdur ki, Rusiya Gürcüstana hücumları ilə Qərbi qorxutmaq fikrinə düşüb" – dəyə yazir Washington Post.
Qəzetin başqa bir məqaləsində analitiklər Ronald Asmus və Riçard Holbruk hesab edirlər ki, Qərb, xüsusilə də Amerika bugünkü müharibənin qarşısını kəsə bilərdi.
"Aydındır ki, Gürcüstan Cənubi Osetiya separatçılarına cavab verirdi və niyyəti bugünkü müharibə deyildi. Ola bilər, Gürcüstan hardasa səhvə yol verib, amma heç nə Rusiyaya haqq vermir ki, qonşusunun ərazisinə təcavüz etsin".
Qəzet habelə bildirir ki, 2014-cü ilin Qış Olimpiya oyunlarına ev sahibliyi etmək istəyən Rusiya indi olimpiadaların başladıgı eyni gundə Gürcüstana qoşun yürütməklə qədim ənənələrə hörmətsizlik edib – çünki olimpiada sülh deməkdir.
"Bununla Moskva həm də gələcək öhdəliklərinə əməl etməyib. Belə ki, indiki müharibə zonası olimpiadanın keçiriləcəyi Soçi şəhərindən cəmi 25 mil o tərəfədir" – qəzet vurgulayır.
Yazı müəllifinin fikrincə, Rusiyanın məqsədi sadəcə Cənubi Osetiyada status-kvonu bərpa etmək deyil. Putin istəyir ki, Amerikada seçkidən əvvəl Saakaşvilini devirsin və beləliklə yeni prezidentlə ziddiyyətlərdən qaçsın.
Müəlliflər yazırlar ki, Rusiya qonşuluğunda demokratiya istəmir.
Washington Post hesab edir ki, Gürcüstana arxa durmaq lazımdır. Çünki bu ölkə İraqda 2 min əsgərlik kontingenti ilə Amerikanın yanında olub.
Müəlliflər daha sonra çıxış yollarını göstərirlər. Əsas yol sülhdür. Döyüş dayandırıldıqdan sonra Tbilisiyə özünü bərpa üçün yardımlar edilməlidir. Qəzet ardınca yazır ki, daha heç kim Rusiyanı neytral hesab etməməlidir. Rusiyanın problemin bir hissəsi olduğuna göz yummaq olmaz.
Müəlliflər habelə hesab edirlər ki, Rusiyanın qonşularına qarşı təzyiqlərinə hazır olmaq, qabaqlayıcı cavab vermək lazımdır.
"Güman ki, növbəti hədəf Ukraynadır". – yazır Washington Post.
Washington Times və Nyu York Times qəzetləri isə baş məqalələrini əsasən münaqişə bölgəsindən reportajlara həsr ediblər.
Hər iki qəzet Qərbin Rusiya ilə sıx diplomatik iş aparmasını vacib sayır.
Washington Times yazır ki, paralel olaraq Qərb Gürcüstanı da tək buraxmamalıdır.
Nyu York Timesın yazarı Uilyam Kristol hətta Ukrayna və Gürcüstana təcili hərbi yardımların vacibliyindən bəhs edb.
Müəllifin fikrincə, Rusiya hərbi əməliyyatları davam etdirərsə, Qərb də Gürcüstana əsgəri yardım da etməkdən də çəkinməməlidir. Jurnalist hətta Rusiyanın İranla baglı siyasətilə də paralellər aparır və yazır ki, BMT-nin qadagalarına baxmayaraq, Moskva Amerikanın düşməninə avadanlıqlar satmaqdan cəkinmirdi.

XS
SM
MD
LG