Accessibility links

Dik Çeyni: Milli sərhədlərə hörmət prinsipi təhlükə altındadır


"Prezident Buş məni Azərbaycan xalqına və bütün regiona aydın ismarıcla göndərib: Amerikanın sizin rifahınız və təhlükəsizliyinizin təmin olunmasında dərin və möhkəm maraqları var".
ABŞ-ın vitse-prezidenti Dik Çeyni sentyabrın 3-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə danışqlarından sonra belə deyib.
Ağ Evin bildirdiyinə görə, vitse-prezident qeyd edib ki, dünyada sülh və təhlükəsizliyin əsasında milli sərhədlərə hörmət prinsipi dayanır, indi həmin prinsip təhlükə altındadır.
"Demək olar ki 20 ildir biz sizin xalqınıza öz müstəqilliyini, suverenliyini qurmaq və möhkəmləndirmək, beynəlxalq birliyə onun dəyərli və sayılan üzvü kimi inteqrasiya olmaq işində dəstək vermişik. Bu gün biz həmin öhdəliklərimizi və təkcə bu gün üçün deyil uzun müddət ərzində ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsi barədə qətiyyətimizi bir daha bəyan edirik".
Çeyni deyib ki, onun Azərbaycana səfəri aylar əvvəl planlaşdırırdı. Buna baxmayaraq o, İlham Əliyevlə ilə bu yaxınlarda Rusiyanın Gürcüstana müdaxiləsini müzakirə edib.
"Bizim bugünkü görüşümüz Rusiyanın bu yaxınlarda Gürcüstana etdiyi hərbi müdaxilə fonunda baş tutub. ABŞ Qafqaz bölgəsindəki müttəfiqlərinin əmin-amanlığında və rifahında dərindən maraqlıdır",- deyə vitse-prezident vurğulayıb.
Çeyni əlavə edib ki, Amerika ilə Azərbaycan dünyanın bu vacib regionunda sabitlik və təhlükəsizlik axtarışında ortaq maraqları bölüşürlər.
Vitse-prezidentin sözlərinə görə, ABŞ enerji resurslarının ixracı üçün əlavə marşrutların olması istiqamətində Azərbacanla əməkdaşlıq etməkdə maraqlıdır: «ABŞ əmindir ki, biz Avropa ölkələri və Türkiyə, eləcə də Qafqaz və Mərkəzi Asiya dövlətləri ilə birlikdə işləməliyik ki, enerji resurslarının ixracı üçün əlavə marşrutlar olsun və onlar sərbəst şəkildə nəql edilsin».
Qarabağ münaqişəsinə toxunan Çeyni deyib ki, Amerika problemin danışıqlar yolu ilə, ərazi bütövlüyü və digər beynəlxalq prinsiplərə cavab verən sülh əsasında həllini istəyir:
"Amerika Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam dəstəkləyir. Qarabağ probleminin danışıqlar yolu ilə və Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllini istəyir. Bu problemin həlli Azərbaycanın təhlükəsizliyi və sabitliyi üçün çox vacibdir. Biz həmçinin Azərbaycanın Qərblə enerji sahəsində bazar iqtisadiyyatı prinsipləri əsasında və aşkarlıq şəraitində əməkdaşlığını yüksək qiymətləndiririk".
Dik Çeyni həmçinin əlavə edib ki, Amerika Azərbaycan xalqının çox vaxt, böyük çağırışlar qarşısında qalan demokratiya, qanunun aliliyi və insan haqlarına əməl olunması uğrunda cəhdlərini dəstəkləyir.
Öz növbəsində, Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, o, vitse-prezident Çeyni ilə enerji əməkdaşlığının gələcək inkişafını və enerji təchizatının müxtəlifləşməsini müzakirə edib. Əliyev deyib ki, bu məsələ təkcə enerji istehlakçıları üçün vacib deyil, həm də istehsalçı kimi, Azərbaycan üçün də vacibdir.
Əliyev deyib ki, Amerika ATƏT-in Minsk Qrupunun həmsədri kimi, Azərbaycanla Ermənistana münaqişənin həllini tapmaqda kömək etməklə nizamlama prosesində vacib rol oynayır: "Lakin əlbəttə bütün digər münaqişələr kimi, bu problemin həlli də beynəlxalq hüququn baza prinsiplərinə cavab verməlidir. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir".
Azərbaycan prezidenti Amerikanın vitse-prezidenti ilə regional inkişaf məsələlərini də yaxından müzakirə etdiklərini vurğulayıb.

XS
SM
MD
LG