Accessibility links

Nino Burcanadze: Rusiya təcavüzünün qarşısı alınmalıdır


Bu ilin əvvəlində parlament spikeri postundan istefa vermiş və hazırda Demokratik İnkişaf Fondunun rəhbəri olan Nino Burcanadze Sentyabrın 4-də Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondunda Rusiya-Gürcüstan münaqişəsi barədə öz baxışlarını bölüşdü. O, çıxışına Birləşmiş Ştatlara tutduğu mövqeyə görə təşəkkür etməklə başladı. Rusiyanın Gürcüstana təcavüzü haqda məlumat verən Burcanadze Moskvanın son əməllərinin təkcə Gürcüstana yox, bütün dünya düzəninə təhlükə olduğunu vurğuladı. Rusiyanın 21-ci əsr qaydalarına məhəl qoymadığını deyən sabiq spiker bu ölkənin dünya düzənini dəyişməyə çalışdığını bildirdi. Onun sözlərinə görə belə bir düzəndə güc qanundan ali mövqedə dayanır. Gürcüstan isə sadəcə olaraq Rusiyanın ambisiyalı səylərinin hədəf nöqtəsinə çevrilib. Əgər Moskvanın hərbi qüvvə ilə dəyişdirdiyi reallıq yerində qalarsa, onda bu, regiondakı başqa dövlətlərə də təsir göstərəcək.

Burcanadze bildirdi ki, Sovet İttifaqı dağılandan bəri Rusiya post-Sovet məkanında öz rolunu müəyyən etməyə çalışır. Bu xüsusda Moskva yaxın xaric adlandırdığı ərazidə nüfuzunu qoruyub saxlamaq istəyir. Lakin Rusiya bunu müsbət vasitələrlə, qarşılıqlı əməkdaşlıq yolu ilə deyil, təzyiqlər və hədə-qorxu yolu ilə həyata keçirir. Rusiya hökumətinin Cənubi Osetiya sakinlərinə rus pasportları paylaması və onları qorumaq üzrə öhdəlik götürdüyünü əsas tutaraq Gürcüstanın ərazi bütövlüyünə həmlə etməsi dünya ictimaiyyətinin dərin narahatlığına səbəb olub. Moskvanın məntiqindən belə çıxır ki, ərazisində Rusiya vətəndaşları olan hər hansı bir ölkə nə vaxtsa hərbi müdaxiləyə məruz qala bilər.

Xanım Burcanadze Rusiyanın Qafqazdakı siyasətini qəbuledilməz adlandıraraq, Gürcü xalqının ərazilərinin işğalı ilə barışmayacağını bildirdi. O, habelə Rusiya hökumətinin Gürcüstanda Saakaşvili höklumətini devrimək cəhdlərini perspektivsiz qiymətləndirdi. Belə ki, Gürcüstan vətəndaşları xaricdən təcavüzlə üzləşən ölkənin liderləri ətrafında birləşiblər. Gürcüstanın demokratik inkişaf yoluna qədəm qoyduğunu önə çəkən sabiq spiker ABŞ və Avropanı ölkəsinin arxasında dayanmağa və Gürcüstanda sivil cəmiyyətin inkişafına yardım etməyə səslədi. O, habelə Gürcüstanın xarici siyasətdə qətiyyətlə Avro-Atlantik məkana inteqrasiya kursu götürdüyünü bildirdi.
XS
SM
MD
LG