Accessibility links

“Work And Travel” programı haqda


Tələbələrə Amerikada oxumaq, işləmək və yaşamaq üçün imkan tan;yan müxtəlif proqramlar mövcuddur. "Work and travel" isə onlar içərisində xüsusi populyarlığı ilə seçilir. Adından da göründüyü kimi işləmək və səyahət etmək anlamına gələn proqram, əsasən inkişaf etməkdə olan ölkələrdəki bakalavr tələbələrinin yay tətilləri ərzində ABŞ-da 3-4 ay qalaraq, həm gəzməklərinə həm də işləmələrinə şərait yaradır. Proqram Dövlət Departamenti tərəfindən təsis edilib və həyata keçirilir. Hər il iyun ayında başladılan proqram oktyabr ayına kimi davam edir. Burada bir çox ölkələrdən tələbələr iştirak edir. Azərbaycan tələbələrinin də bu proqramda iştirak etmək hüququ var. Proqramın Azərbaycanda həyata keçirilməsinə vasitəçilik edən əsas 3 şirkət fəaliyyət göstərir. Qəbul şərtləri isə o qədər də çətin deyil. Əvvəlcə ilkin mərhələ olan müsahibədən keçməlisiniz. İkinci mərhələ isə viza müsahibəsidir. Bu müsahibədə, tələbənin təhsil ocağındakı qiymətlərinə, ingilis dili səviyyəsinə xüsusi diqqət yetirilir. Bundan əlavə tələbələrin ölkələrinə qayıdacaqlarına təminatları olmalıdır. Bunun üçün bəziləri özlərinə sponsor tapır, bəziləri bank hesablarında yüksək məbləğ göstərərək, Amerikada yaşağama maddi cəhətdən ehtiyacları olmadıqlarını sübut etməyə çalışırlar. Əgər tələbə viza müsahibəsindən keçmirsə, vasitəçilik edən şirkət onların o vaxtadək çəkdiyi xərclərini geri ödəyir.

Ümumilikdə isə tələbələrin orta hesabla Amerikaya gələnə kimi 2500-3000 dollar xərci çıxır. Bu pullar əsasən Amerikada əldə edəcəyi sığortaya, təyyarə bileti və bu kimi bəzi xərclərə sərf olunur.

Tələbələrin Amerikadakı iş yerləri isə əsasən Bakıda müəyyən olunur. Burada tələbələrin ingilis dili səviyyəsi xüsusi rol oynayır. Onlara yorucu olmayan işlər təklif edilir. Buna restoranlarda ofisiantlıq, hotellərdə bələdçilik, əyləncə parklarında müxtəlif növ işləri misal göstərmək olar.

Onların hər saata aldığı pulun miqdarı təxminən 7-10 dollar arasında dəyişir. Tələbələr həftə ərzində ən azı 30 saat çalışmalıdırlar. Ümumi götürəndə isə proqramın iştirakçılarına həftədə 2 gün istirahət verilir və onlar gün ərzində 8 saat işləyirlər.

Proqramın reqlamentinə tələbələrin yaşaması üçün də şəraitin yaradılması da daxildir. Ancaq tələbələr istəsə özləri özlərinə ev tuta bilər. Proqramla gələn tələbələrin çoxu əsasən ikinciyə üstünlük verir, çünki bu onlar üçün daha ucuza başa gəlir.

Bu il üçün "Work And Travel" proqramı artıq bir neçə gündən sonra başa çatır. Tələbələr isə gələn il üçün indidən müraciət etməyə başlamalıdırlar.

Müraciətet mək üçün və daha ətraflı məlumat almaq üçün proqramın rəsmi saytına girə bilərsiniz. Veb səhifənin ünvanı belədir: http://www.ciee.org/wat/ . Müsabiqədən uğurla keçəcək tələbələr gələn ilin iyun ayında ABŞ-a gəlmək şansı qazanacaqlar.
XS
SM
MD
LG