Accessibility links

Bülənt Əlirza: “Qafqazda bütün kartlar dəyişir”


"ABŞ vitse-prezidenti Dik Çeyninin regional turnesi çərçivəsində ilk dayanacağının Azərbaycan olması belə bir mesaj verdi: Şərq-Qərb kəmərini qorumağın yolu Azərbaycandan başlayır". Bu sözləri Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Bülənt Əlirza "Amerikanın səsi"nə müsahibəsi zamanı deyib. Onun sözlərinə görə, burada qəribə vəziyyət yaranır. Ekspert deyir ki, Azərbaycan Rusiya və İran arasında sıxışıb qaldığından belə vəziyyətdə bu ölkələrlə yaxşı münasibətlər qurmağa çalışmalıdır: "Bu səbəbdən Azərbaycan hakimiyyət müddətinə bir neçə ay qalmış Buş və Çeyninin Rusiyaya qarşı yaratmağa çalışdığı strategiyaya tam olaraq daxil olmağa da bir o qədər maraqlı görünmür".

Rusiyanın Azərbaycana qarşı mövqeyindən də söhbət açan cənab Əlirza Kremlin Gürcüstandakı hərbi əməliyyatları ilə bütün regiona mesaj göndərdiyini və bu mesajı sözsüz ki, rəsmi Bakının da aldığını dilə gətirib: "Qarabağ məsələsinə gəlincə, buradakı ən böyük təhlükə Cənubi Osetiya və Abxaziya kimi Qarabağın da tanınmasıdır. Rusiya belə bir addım atmayacaq, ancaq Yerevan üzərindəki böyük təsiri ilə ən azından Dağlıq Qarabağın onlar kimi beynəlxalq ictimaiyyətə qoşulmasının qarşısını ala bilər. Rusiya Azərbaycana qarşı Ermənistanı keçmişdə də istifadə edib. Moskvanın əlində hər zaman belə bir silahın olduğunu nəzərə alsaq, Azərbaycanın milli mənafeyini düşünənlər mütləq Rusiyanın edəcəyi yaxşılıqlardan çox potensial pisliklərini hesaba almalıdırlar."

Bülənt Əlirza deyir ki, Qərbin bölgədəki gücünü Gürcüstandakı hadisələr zamanı Cənubi Osetiyada başlayan müharibənin Tbilisi sərhədlərinə qədər çatması aydınca göstərdi. Azərbaycanın çətin bir vəziyyət olduğunu vurğulayan ekspert burada Dağlıq Qarabağ məsələsi ilə yanaşı, düşünülməsi vacib olan hadisələrdən birinin də Azərbaycanı Qərbə bağlayan xəttin təhlükəyə girməsi olduğunu deyib. Cənab Əlirza Ermənistanın bu tarazlamada nə edəcəyinə diqqəti yönəldir: "Avropa və xüsusilə ABŞ diasporasındakı erməni lobbisi nə edəcək? Türkiyə prezidentinin Yerevana səfərindən sonra Rusiya Ermənistanın Türkiyəylə münasibətlərə başlayıb, bu yolla Qərbə bağlanmasına icazə verəcəkmi?"

Sonda cənab Əlirza Qafqazda bütün kartların dəyişdiyini dilə gətirdi.
XS
SM
MD
LG