Accessibility links

Bülent Əlirza: “Dağlıq Qarabağ münaqişəsi həll olunmamış Türkiyə Ermənistanla sərhəddini açmayacaq”


Türkiyə prezidenti Abdulla Gül dünən BMT Baş Assambleyasının sessiyasında çıxışı zamanı ölkəsinin regional münaqişələrin həllində rolunu vurğulayıb. Rusiya-Gürcütsan münaqişəsindən sonra Qafqazda Sabitlik və Əməkdaşlıq platforması ilə çıxış edən Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində intensiv fəaliyyət göstərir. Bu məsələləri Vaşinqtondakı Strateji və Beynəlxalq Araşdırmalar mərkəzinin eksperti Bülent Əlirza ilə müzakirə etmişik.

SUAL: Rusiya-Gürcüstan münaqişəsindən sonra Türkiyənin regionda səylərini gücləndirdiyinin şahidi oluruq. Bu səylər nə ilə əlaqədardır və nə dərəcədə müvəffəqiyyətli ola bilər?

CAVAB: Təbii ki, Gürcüstanla Ruisya arasındakı müharibə Türkiyəni çətin vəziyyətə salıb. Ölkə həm Moskva, həm də Tbilisi ilə yaxın münasibətlərə malik idi. Ancaq bundan dərhal sonra baş nazir Rəcəb Tayyip Ərdoğan “Qafqaz Sabitlik və Əməkdaşlıq Platdorması” fikrini ordaya atıb, Qafqaza sülh və sabitlik gətirilməsi səylərinə başlamağa çalışdı. Hazırda Gürcüstan və Rusiyanın bu pakta birlikdə daxil olması mümkün deyil. Ancaq Türkiyə ciddi diplomatik təşəbbüsünü davam etdirir və bu çərçivədə həm Gürcüstanda müharibədən sorna yaranan problemləri, həm də illərdir Azərbaycanla Ermənistan arasında olan Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır. Ankara bunu bir tərəfdən Rusiya, digər tərəfdən isə Birləşmiş Ştatlarla koordinasiya etməyə səy göstərir. Türkiyənin bunu tək həyata keçirməsi mümkün deyil. Qarşıdakı günlərdə Türkiyənin bunu necə koordinasiya edəcəyini hamımız görəcəyik.

SUAL: Türkiyə bu vasitəçilik səyləri müqabilində Ermənistanla sərhədləri açmaq fikrindədirmi? İndiyədək Dağlıq Qarabağ münaqişəsində Türkiyə Azərbaycan ərazilərinin işğal olunduğu üçün Ermənistanla sərhədləri açmırdı. Amma indi bu vasitəçilik səylərinə görə sərhədləri açmaq məcburiyyətindəmi qalacaq və o zaman Ankaranın Ermənistandan gözlədiyi nədir?

CAVAB: Türkiyə ilə Ermənistan arasında 3 problem var. Birincisi, Ermənistanın Qərb sərhəddini müəyyən etməməsi, yəni Ermənistan Respublikasının Türkiyə torpaqları üzərində iddiası ola bilməsi ehtimalı var. İkincisi, “Erməni Soyqırımı” mövzusunun Ermənistanın diaspora ilə birlikdə dəstəklənməsi və təbii ki, üçüncüsü də, Dağlıq Qarabağ məsələsində Azərbaycan torpaqlarını işğal etməsi. Bu 3 məsələ həll olunmasa və ən azından inkişaf əldə edilməsə Türkiyənin sərhədi açması mümkün deyil. Ancaq geniş diplomatik səyləri çərçivəsində, Türkiyə eyni vaxtda hər 3 məsələdə inkişaf əldə olunmasına çalışır və prezident Abdulla Gülün Yerevana səfəri də bu baxımdan önəmli idi. Buna baxmayaraq, unutmayaq ki, Dağlıq Qarabağ məsələsi bu günə kimi həll edilməyib. İkincisi Minsk qrupuna daxil olan Rusiya və ABŞ-ın fərqli strategiyaları var. Ermənistansa Rusiyanın ən önəmli müttəfiqidir. Rusiyanın icazəsi olmadan Ermənistanın Dağlıq Qarabağ məsələsini həll etməsi bu günə kimi mümkün olmayıb və bundan sonra da mümkün olmayacaq. Digər tərəfdən, ABŞ-da seçkilər keçirilir. Bu seçkilərdə erməni diasporasının önəmli rolu mövcuddur. Onlar potensial prezidentlər Barak Obama və ya Con Makkeyndən daha çox şey gözləyə bilərlər. Ona görə, belə bir vaxtda Ermənistanın razılaşma bağlayacağına inanmıram. Bu səbəbdən, Türkiyənin diplomatik cəhdləri də hansısa bir nöqtədə çətin vəziyyətə düşəcək. Həm Azərbaycanda, həm də Birləşmiş Ştatlardakı seçkilərdən sonra hər hansı bir irəliləməni ehtimal etmək olar.

SUAL: Bu gün rəsmi Moskva və rəsmi Vaşinqton arasında gərgin münasibətləri nəzərə alaraq, Türkiyənin Minsk Qrupu prosesinə qatıla bilməsi şansı varmı?

CAVAB: Hesab etmirəm, çünki əvvəlcədən Ermənistan bunun tərəfdarı olmayıb. Təbii ki, Rusiya və Amerika Türkiyə ilə Qafqaz böhranını və Dağlıq Qarabağ məsələsini müzakirə edir. Ancaq hesab etmərəm ki, bu ölkələr Türkiyənin o prosesə girməsinə müsbət münasibət bildirsin. Unutmayaq ki, Minsk Qrupunda Fransa da var. Hazırda Avropa Birliyinin rəhbəri olan Fransanın da öz maraqlarına uyğun diplomatiyası var. Bu diplomatiya isə çox vaxt Türkiyə ilə koordinasiyaya yönəlməyib.
XS
SM
MD
LG