Accessibility links

E.Məmmədyarov: “Beynəlxalq təhlükəsizlik sistemini gücləndirməliyik”


Sentyabrın 27-si BMT Baş Assambleyasının sessiyasında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov çıxış edib. Nitqinə 63-cü sessiyanın prezidenti seçilməsi münasibətilə Nikaraqua rəsmisi Migel Deskoto Bokmanı təbriklə başlayan nazir ona uğurlar arzulayıb. Sonra isə cənab Məmmədyarov BMT-nin beynəlxalq təhlükəsizliyin qorunması istiqamətində təsirli addımlar atmasından danışıb. Nazirin sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının islahatları təşkilatın sisteminin etibarlılığını daha da artırır: “Bu iclas Cənubi Qafqaz və ümumilikdə bütün dünya üçün çox mühüm vaxtda keçirilir. Keçən ay Gürcüstanda baş verən hadisələr aydın şəkildə göstərir ki, regionda stabilliyi bərpa etmək üçün biz kollektiv səy göstərməklə beynəlxalq təhlükəsizlik sistemini gücləndirməliyik”.

Nazir Gürcüstan hadisəsinin Dağlıq Qarabağ da daxil olmaqla GUAM daxilindəki münaqişələrin regionda davamlı sülhün əldə olunması üçün başlıca qeyri-stabillik mənbəyi olduğunu təsdiq etdiyini bildirib. O, bu baxımdan Türkiyənin irəli sürdüyü “Qafqazda Stabillik və Əməkdaşlıq Platforması”nın regional stabilliyə nail olmağa xidmət edə biləcəyini dilə gətirib. “Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı münaqişə bizim üçün başlıca məsələ olaraq qalır. Azərbaycan hökuməti beynəlxalq qanunların prinsip və normaları əsasında münaqişəni sülh yolu ilə həll etməyə öhdəlik götürüb”- deyə o bildirib.

BMT-nin erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxmasını tələb etdiyini vurğulayan nazir təşkilatın bu barədə olan son qətnaməsini də yüksək qiymətləndirərək üzv ölkələrə təşəkkürünü bildirib. Onun sözlərinə görə, bu qətnamə hazırda zəbt olunmuş Azərbaycan ərazilərindəki evlərindən didərgin düşən insanların fundamental hüquqlarını tanıyır: “Bildirmək istəyirəm ki, qətnamədə öz əksini tapmış prinsiplər danışıqlar prosesində əsas kimi istifadə olunmalıdır. BMT Baş Assambleyası hazırkı sessiyasının gündəliyindəki 18-ci bəndinə əsasən Azərbaycanın işğal olunmuş ərazilərindəki vəziyyəti diqqət mərkəzində saxlamağa davam edəcək.”

İqtisadi məsələlərdən də danışan cənab Məmmədyarov Xəzər dənizinin karbohidrogen resurslarının istehsalı və beynəlxalq bazara nəqlinin ölkənin xarici və iqtisadi siyasətinin başlıca elementi olduğunu bildirib. Onun sözlərinə görə, başqa bir strateji layihə Azərbaycan, Türkiyə və Gürcüstanı bir-birinə bağlayan Bakı-Tbilisi-Qars dəmir yol xəttinin inşasıdır. Azərbaycanda iqtisadi artımın və inkişafın çoxaldığını vurğulayan nazir gözləntilərin Azərbaycanın bu dinamik ritmi saxlayacağını göstərdiyini dilə gətirib.

Xarici işlər naziri Məmmədyarov insan haqlarının vəziyyətindən də söhbət açaraq, Azərbaycanın BMT insan haqları təşkilatları ilə fəal şəkildə iş apardığını deyib: “İnsan Haqları Şurasının üzvü kimi Azərbaycan şuranın təsirli fəaliyyət göstərməsini vacib sayır”.

Nazir Azərbaycanın BMT-yə üzv ölkə kimi götürdüyü demokratiyanın inkişafı, qanunun aliliyi və insan haqları öhdəliklərini tam yerinə yetirdiyini deyib. Sonda o bildirib ki, Azərbaycan islahatlar və maarifləndirməyə yatırımlar vasitəsilə dünyanın ona aid hissəsində uzunmüddətli stabilliyin və tərəqqinin əldə olunacağına inanır.

XS
SM
MD
LG