Accessibility links

ABŞ İsraili müasir raket sistemi ilə təmin edib


İsrail İrandan gələn mümkün təhlükənin qarşısını almaq məqsədilə Birləşmiş Ştatlardan müasir radar sistemi alıb.

İsrail rəsmiləri bildirirlər ki, radar sistemi İsrail İranın raket hücumuna məruz qaldığı təqdirdə, əvvəlcədən xəbərdarlıq siqnalı vermək qabiliyyətinə malikdir. Rəsmilərin sözlərinə görə, İsrailin cənubunda yerləşən Negev səhrasındakı Nevatim hərbi bazasında yerləşdiriləcək sistem Amerikanın 120 nəfərdən ibarət hərbiçisi tərəfindən işlədiləcək.

Radar sistemi orta və uzun mənzilli raketləri izləmək və ballistik raket buraxılandan bir qədər sonra onu tutmaq qabiliyyətinə malikdir.

İranın nüvə programına görə regionda vəziyyət daha da gərginləşib. Qərb İranın nüvə silahları istehsal edə biləcəyindən narahatdır. Lakin İran nüvə programının dinc məqsəd daşıdığını bildirir.

İsrailin Müdafiə naziri Ehud Barak İranın mübahisəli nüvə proqramına görə gərginliyin artmasından sonra iki ölkənin iyul ayında radar sisteminə dair razılıq əldə etdiyini təsdiq edib.

İsrail vəziyyətin diplomatik yolla həllini istədiyini bildirir, lakin eyni zamanda xəbərdarlıq edir ki, sanksiyalar rədd edildiyi təqdirdə, İranın nüvə qurğularına hücum edə bilər.

XS
SM
MD
LG