Accessibility links

Elmar Məmmədyarovla müsahibə


Nyu Yorkda Azərbaycan, Ermənistan və Türkiyə xarici işlər nazirlərinin görüşü hələ də diqqət mərkəzində qalmaqdadır. Tərəflər bundan sonra yüksək səviyyədə dialoqların baş tutacağını istisna etmirlər. Paralel olaraq Azərbaycan və Ermənistan rəsmiləri arasında da ikitərəfli dialoqların davam edəcəyi bildirilir. Bütün bu təmaslar və Qarabağ münaqişəsilə bağlı son diplomatik fəallığın mahiyyəti barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov "Amerikanın səsi"nə danışıb. Müsahibəni təqdim edirik.
Sual: Nyu Yorkda Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən təmasları necə qiymətləndirirsiniz? Danışıqlar prosesində hansısa yeni addımdan danışmaq olarmı?
Cavab: Məsələ burasındadır ki, biz sonuncu dəfə avqustun 1-də ATƏT-in Minks Qrupunun həmsədrləri ilə Moskvada görüşərkən belə razılığa gəlmişdik ki, növbəti görüşü Nyu Yorkda keçirək. Belə ki, BMT Baş Assambleyasının 63-cü sessiyasında iştirakımız bizə belə fürsət yaradırdı. Daha sonra isə, məlum olduğu kimi, Gürcüstandakı hadisələrin ardınca Türkiyə tərəfi regionda Sülh və Sabitlik Platforması adlı bir təşəbbüs irəli sürdü. Həmin vaxt isə biz artıq yeni görüş razılaşdırdıq. Bu dəfə Türkiyə Ermənistan və Azərbaycan xarici işlər nazirləri səviyyəsində.
Danışıqların mahiyyətinə gəldikdə, ilk növbədə demək istərdim ki, həmsədrlərlə görüşümüz sadəcə, növbəti təmasdır. Gürcüstandakı hadisələrdən sonra bəzi yeni məqamlar ortaya çıxıb və biz də onun əsasında müzakirələr apardıq. Bir məqamı da vurğulayım ki, həm Ermənistanın xarici işlər naziri, həm mən, həm də həmsədrlər özləri belə bir fikir səsləndiriblər ki, artıq Qarabağ münaqişəsi də region üçün təhlükısizlik baxımından böyük problem yaradır. Və mümkün qədər tez şəkildə biz hansısa irəliləyişə nail olmalıyıq. Buna görə də Nyu Yorkda razılığa gəldik ki, müzakirələri davam etdirək. Növbəti addım olaraq çox güman ki, ya həmsədrlər regiona gələcəklər, ya da biz nazirlər hansısa paytaxtlardan birində görüş keçirəcəyik. Amma belə razılaşdırmışıq ki, görüş məsələsini daha detallı olaraq 1-2 həftədən sonra müzakirə edək.
O, ki, qaldı Türkiyənin təşəbbüsünə, Azərbaycanın mövqeyi müsbətdir. Türkiyənin təklifləri artıq masanın üzərindədir. Biz üçtərəfli görüşdə yekdilliklə elan etdik ki, Türkiyənin təşəbbüsü çox maraqlıdır, müsbət təşəbbüsdür və biz onun üzərində çalışaq. Yəni ümumi şəkildə bu platforma ilə regionda hansısa bir yeni mərhələyə - regiona stabillik və sülh gətirməyə çalışaq. Əlbəttə, biz müzakirələri davam etdirməliyik.
Sual: Azərbaycanla Ermənistan arasında münaqişə hələ də davam edərkən, Qafqazda sabitlik təşəbbüsü nə qədər realdır?
Cavab: Bu, aktual sualdır, amma biz gərək çalışaq. Əlbəttə ki, Qafqazda sabitliyə nail olmaq üçün Qarabağ münaqişəsi ətrafında xüsusi olaraq hərəkət etməliyik ki, hansısa yeni mərhələyə çıxaq. Azərbaycan tərəfi məsələni belə qoyur ki, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş torpaqlardan 7 rayon azad edilsin, erməni qoşunları oradan çıxsın və məcburi köçkünlər geri qayıtsınlar. Ondan sonra yeni mərhələ açıla bilər. O baxımdan ki, bölğədə hərtərəfli kommunikasiya başlaya bilər və ondan sonra bu, hansısa yeni imkanlar da yarada bilər. Bu baxından da biz gərək çalışıb sübut edək ki, bu münaqişə doğrudan da regionun təhlükəsizliyinə böyük zərərdir və onu tezliklə yerindən tərpətmək lazımdır. Əlbəttə ki, Qarabağ konflikti çox dərin münaqişədir, onu bir gün və ya bir həftə ərzində həll etmək çətindir. Məhz buna görə Azərbaycan tərəfi təklif edir ki, bu, mərhələli proses əsasında olsun. Biz addım-addım hansısa irəliləyiş əldə edə bilərik. Mən inanıram ki, biz buna nail ola bilərik.
Sual: Belə başa düşdük ki Türkiyənin son təşəbbüsləri ilə ATƏT-in Minsk Qrupunun fəaliyyəti arasında bir koordinasiya mövcuddur...
Cavab: Minsk Qrupunun həmsədrləri təkcə Dağlıq Qarabağ münaqişəsilə bağlı fəaliyyət göstərirlər. Türkiyənin təşəbbüsünə isə daha çox geniş mənada baxmaq lazımdır. Yəni bu, regional platforma məsələsidir. Beləliklə, onlar məsələlərə daha geniş müstəvidə yanaşırlar.

XS
SM
MD
LG