Accessibility links

Kipr türkləri Azərbaycandan dəstək istəyir


Avropa Şurası Parlament Assambleyasi Kipr adasındakı türklərə təcriddən çıxmaq imkanı verib. Türkiyənin rəsmi "Anadolu" agentliyinin xəbərinə görə, Assambleyanın bu gün qəbul etdiyi qətnamədə Kipr yunanlarına xəbərdarlıq edilib ki, türklərin dəniz limanlarından Avropa ölkələri ilə birbaşa ticarətinə, habelə beynəlxalq səviyyədə humanitar əlaqələrinə maneələr törədilməsinə son qoyulsun. Avropa Birliyinin üzvü olan Yunan Kipri daha əvvəl Azərbaycan da daxil olmaqla bir sıra ölkələrin Kipr türkləri ilə təmaslarına qarşı çıxmışdı. "Amerikanın səsi"nə müsahibə verən, Kipr türklərinin xarici işlər naziri Turqay Avçı Azərbaycandan və bütün dost ölkələrdən dəstək istəyib.
"Avropa Birliyi və dünya ölkələri bir məsələni başa düşməIi və qəbul etməlidirlər ki, Kipr türklərinin qarşısındakı cığırlar baglanmamalıdır. Kipr türkləri də bu dünyanın insanlarıdır. Dünyadakı bütün ölkələrin nəqliyyat, ticarət, təhsil haqları varkən Kipr türklərinin sadəcə Kipr türkü olduqları üçün bu haqlardan məhrum edilməsı qəbul olunan deyil. Buradan hamıya səslənirik, bütün dost və qardaş ölkələrdən dəstəklərini gözləyirik", - deyə Turqay Avçı vurgulayıb.
Kipr türklərinin xarici işlər naziri bildirib ki, beynəlxalq təcrid və adadakı yunan dövlətinin təzyiqləri üzündən illərdir ki, Azərbaycanla əlaqə qura bilmirlər. Bir neçə il bundan əvvəl Lefkoşadan Bakıya birbaşa təyyarə uçuşuna başlasalar da, bu davam edə bilmədi:
"Təəssüf ki, Avropa Birliyinin Azərbaycan üzərində təzyiqləri olmuşdu. Biz qardaş ölkə Azərbaycanla ticarət, mədəni və təhsil əlaqələrimizi inkişaf etdirmək üçün davamlı olaraq təmaslar qururuq. Əlaqələri daha da irəli aparmaq üçün əlimizdən gələn hər şeyə hazırıq".
Turqay Avçı deyir ki, türk əhalisi bu günədək Kipr probleminin qurbanı olsa da, problemi həll etmək üçün qisas hissinin əsiri olmadan müəyyən addımlar atılıb.
"Amerikanın səsi"nə müsahibəsində Kipr türklərinin xarici işlər naziri adanın birləşməsi istiqamətində son təmaslardan da danışıb. O deyib ki, sentyabrın 3-dən başlayan danışıqlar yunan Kipri üçün son şansdır. Belə ki, Kipr türkləri daha 40 il gözləyə bilməz.
Turqay Avçı diqqəti ona yönəldir ki, indi dünya birliyi bir neçə məsələyə yenidən baxmalıdır. Belə ki, dəyişən dünya düzənində Kipr türklərinə verilən vədlər yerinə yetirilmir. Kipr türklərinin xarici işlər naziri BMT, Avropa Birliyi, Rusiya və yunan Kiprinin ünvanına mesajlar göndərib. Onun sözlərinə görə, Kosovonun ardından, Gürcüstanda baş verən hadisələr beynəlxalq birliyin münaqişələrə etinasız münasibətinin nə qədər zərərli olduğunu sübut edir.

XS
SM
MD
LG