Accessibility links

Azərbaycan neftini Qərbə haradan göndərsin?


Amerika dövlət katibi Kandaliza Raysın bu günlərdə Qazağıstana səfəri beynəlxalq diqqəti yenidən Xəzər və Orta Asiya regionlarının enerji ixracatındakı problemlərə yönəldib. Qərb dairələri sual edirlər ki, Rusiya ilə Gürcüstan arasında müharibə başlayanda və Qafqazdan Türkiyəyə və Qara dənizə gedən kəmərlər bağlananda Azərbaycan əvvəlcə bu dəyişikliklərin müvəqqəti olduğunu bildirmişdi. Amma artıq bir aydan çoxdur ki, müharibə dayanıb. Azərbaycan isə neftin Rusiya və İran vasitəsilə ixracını hələ də davam etdirir.
"Financial Times" qəzetinin bu yaxınlarda Bakıdan qayıtmış əməkdaşı İzabel Qorts yazır ki, neftlə zəngin Azərbaycan Gürcüstan böhranına trans-Xəzər neft kəmərinə etibarını azaltmaqla cavab verdi. Onun bu hərəkətləri ABŞ-da və Avropa Birliyində narahatlıqlar yaradıb. İndi Vaşinqtonda sual edirlər ki, Azərbaycan neftin ixracını Rusiya və İran vasitəsilə nə qədər davam etdirəcək, çünki Qafqazda vəziyyət çox risklidir.
Narahatlığa səbəb budur ki, Azərbaycan Rusiyaya kiçik həcmdə neft ixrac etsə də, bu Kreml üçün çox vacibdir, çünki Moskva Xəzər enerjisi üzərində nəzarəti əldə saxlamaqda israrlıdır.
ABŞ dövlət katibi Kondoliza Raysın Qazağıstana səfəri ərəfəsində Amerika qəzetləri yazırdılar ki, Vaşinqtonun Mərkəzi Asiya ölkələrini özünün dəstəklədiyi kəmərlər vasitəsilə ixraca sövq etməsi qarışıq uğurlarla nəticələnib və artıq iflasa uğraya bilər. Belə ki, Qazaxıstan Moskva ilə yeni ixrac yollarına dair danışıqlar aparır, Azərbaycan isə Rusiyanın Gürcüstandakı hərəkətlərini lənətləyən Qərbə qoşulmur.
Bunula belə, iki gün əvvəl Astanada Amerika dövlət katibi ilə görüşmüş Qazagıstan prezidenti Nursultan Nazarbayev əmin edib ki, onlar Orta Asiya və xəzərin enerji resurslarının Qərbə nəqlində Azərbaycanla eyni maraqları bölüşürlər. Amma bu işdə siyasi və maliyyə dəstəyinə ehtiyac duyulur. Belə ki, indi investorlar Xəzər dəhlizinə daha təhlükəli variant kimi baxırlar. Bu dəhliz üzərindəki təhlükələr Bakı və Astananı da ciddi düşündürür. Amma vəziyyətin dəyişib-dəyişmədiyi hələ bəlli deyil.
Enerjı məsələləru üzrə ekspert İlham Şaban "Amerikanın səsi" radiosuna bildirib ki, əslində indi vəziyyət göründüyündən daha qəlizdir. Onun firkincə, Gürcüstandakı hadisələr Azərbaycanla Qazağıstanı uzunmüddətli problemlərə salıb:
"Gürcüstandakı hadisələr Azərbaycanın ixrac imkanlarını minimuma endirdi. Azərbaycan isə məcbur oldu ki, çıxış yolu üçün İran tərəfi ilə danışıqlar aparsın. O vaxt belə güman edilirdi ki, bu proseslər uzun çəkə bilər. Ona görə də 300 min barrel neftin İran üzərindən daşınması barədə razılıq əldə edildi. Amma iş orasındadır ki, 100 min barrel neft daşınandan sonra, artıq BTC kəməri işə düşdü və bütünlükdə Azərbaycan öz neftini o istiqamətdə daşıdı. 200 min barrel nefti isə Azərbaycan İran qarşısında götürdüyü öhdəliyə uyğun olaraq, bu ilin sonunacaq o istiqamətdə daşıyacaq. Ümumiyyətlə bu, həm də gözlənilməz hadisələr üçün İran marşrutunu yoxlamaq baxımından əlverişlidir. O ki qaldı Qazağıstana, mən düşünmürəm ki bu ölkə neftin Qərbə Azərbaycan üzərindən nəqli planlarından daşınsın. Sadəcə olaraq, müharibə bu marşrutların üzərində təhlükəsizlik problemlərini aktuallaşdırdı. Beləliklə burada söhbət mövcud reallıqdan istifadə edərək, imkanların reallaşdırılmasından gedir".
Buna baxmayaraq, belə təəssürat yaranır ki, cənab Nazarbayev və onun azərbaycanlı həmkarı Rusiyaya güzəşt etməyə məcbur olunsalar da, onların alternativ Transqafqaz dəhlizini inkişaf etdirmək məsələsindəki maraqları olduğu kimi qalmaqdadır.

XS
SM
MD
LG