Accessibility links

Elin Süleymanov: “Azərbaycan Vaşinqtondakı ekspertlərin sözü ilə hərəkət etməyəcək”


“İki gün sonra keçiriləcək prezident seçkiləri Azərbaycanın demokratik inkişafı üçün vacib mərhələdir. Amma bu, ölkənin xarici siyasəti qarşısında heç bir yeni çağırışlar qoymur”. Bunu Azərbaycanın Los-Ancelesdəki baş konsulu Elin Süleymanov deyib.
“Amerikanın səsi”nə müsahibəsində diplomat ölkədəki prezident seçkiləri, regional gərginlik və bunların Amerika-Azərbaycan münasibətlərinə təsirləri barədə danışıb.
Cənab Süleymanov bildirib ki, seçkilər Azərbaycanın özü üçün vacibdir. Belə ki, bu, ölkəyə özünün inkişafı və təsdiqi işində imkanlar verir. Eyni zamanda, ölkənin beynəlxalq nüfuzu baxımından: “Sözsüz ki, nə qədər Azərbaycan demokratik olsa, Amerika ilə bir yerdə imkanlarımız daha da yüksələcək və əlaqələr daha da yaxşı olacaq”. Diplomat diqqəti ona yönəldib ki, seçkilər regionda gərginliyin artdığı bir dövrdə keçirilir. Onun sözlərinə görə, Azərbaycan diplomatiyası xüsusilə son aylar regional qarşıdurmanın fonunda öz praqmatik və balanslı kursunu qoruya bilib, belə ki, indi ölkədə sabitlik var: “Ancaq sözsüz ki, regionda gərginlik yüksəlib və vəziyyət daha da gərginləşib. Biz də bu məsələni düşünməliyik”.
Cənab Süleymanov daha sonra vurğulayıb ki, Qafqazda beynəlxalq rəqabətin artmasına baxmayaraq, Azərbaycan heç bir tərəfə meyllənməyəcək, öz milli maraqlarını üstün tutacaq: “Azərbaycan Vaşinqtondakı ekspertlərin sözü ilə hərəkət etməyəcək. Biz seçim etmək istəmirik. İran bizim qonşumuzdur, Rusiya qonşumuzdur. Amerika tərəfdaşımızdır. Bir yerdə işləyəcəyik. Biz gördük ki, seçimləri edəndə bunun nəticəsi nə olur. Ermənistan seçimini edib və indi də özünü izolyasiya gününə salıb. Biz görürük ki, Gürcüstan da öz seçimini edib və onun da nəticəsi nə oldu. Azərbaycan xalqının təhlükəsizliyi və Azərbaycan dövlətinin sabitliyi bizim ən böyük məqsədimizdir və ona nail olacağıq”.
Azərbaycanın Los-Ancelesdəki baş konsulu diqqəti habelə ona yönəldib ki, beynəlxalq təhlükəsizlik və enerji siyasətində Bakı həmişə Vaşinqtonla bir yerdədir. Onun sözlərinə görə, bu siyasət davam edəcək. Bununla yanası, Azərbaycan ümid edir ki, Nabukko və bu kimi konkret layihələrdə ölkənin digər tərəfdaşları da Amerika qədər fəal səylər göstərəcəklər.

XS
SM
MD
LG