Accessibility links

Əkbər Ələmi İran prezidentliyinə namizədliyini irəli sürür


Təbriz şəhərinin İran parlamentindəki keçmiş millət vəkili Əkbər Ələmi İran prezidentliyi uğrunda yarışlara qatılmaq niyyətini açıqlayıb. “Rejaneus” Xəbər Agentliyinin “Fars” Xəbər Agentliyinə istinadən yaydığı məlumata görə, cənab Ələmi bildirib ki, namizədliyini irəli sürmək hər bir vətəndaşın ilkin ictimai hüquqlarındandır və o, bu hüququndan yararlanaraq prezidentliyə namizədliyini irəli sürmək niyyətindədir. İranın Nəzarət Şurasının ötən parlament seçkilərinə buraxmadığı cənab Ələmi, “Yerdə olan tanrılar imkan versələr prezidentliyə namzədliyimi irəli sürmək istəyirəm” deyə vurğulayıb.
İran prezident seçkiləri gələn ilin iyun ayında keçiriləcək. İranın dini rəhbəri Əli Xamneinin dəstək verdiyi prezident Əhmədinəjaddan başqa İslahatçılar düşərgəsindən parlamentin keçmiş spikeri, Mehdi Kərrubi də namizədliyini irəli sürəcəyini elan edib.
Qeyd edək ki, Əkbər Ələmi İran Azərbaycanlılarının ana dilində təhsil hüququ ilə bağlı İran parlamentində bir neçə dəfə məsələ qaldırmışdı. 2006-cı ilin mayında isə Azərbaycan şəhərlərində baş vermiş etirazların zorla yatırılması, əhaliyə atəş açılması, onlarla azərbaycanlının öldürülməsi, minlərlə azərbaycanlı fəalın həbs edilməsi ilə bağlı parlamentdə məsələ qaldırmış və İranın bir neçə naziri o, cümlədən daxili işlər nazirinin bu haqda hesabat verməsini tələb etmişdir.

XS
SM
MD
LG