Accessibility links

Kaan Nazlı: “Ciddi qida böhranı gözlənilir”


Dünya bazarlarında qiymətlərin tədricən enməyə başladığı bir vaxtda Azərbaycan rəsmiləri ölkədə qiymət artımının son 1 ildə 21 faizi ötdüyünü bəyan ediblər. Dövlət Statistika Komitəsi 2008-ci ilin geridə qalan dövrü üçün inflayasiya göstəricilərini açıqlayıb. Rəsmi qurumun bahalaşmanın 21,3 faizə çatdığını göstərməsi, həm yerli, həm də beynəlxalq ekspertlər səviyyəsində ciddi müzakirələrə səbəb olub.
Hökumətin elan etdiyi rəqəmlərə görə, ötən ilin sentyabr ayı ilə müqayisədə olkədə ərzaq malları 30, qeyri-ərzaq məhsulları 11,3, xidmətlər isə 11,5 % bahalaşıb.
Ölkədə alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin həftənin əvvəlində açıqladığı məlumata görə isə, son 1 ildə Azərbaycanda qiymtələr 28,34 faiz artıb. Təşkilatın mütəxxəssisləri bildirirlər ki, ilin axırına inflyasiyanın 25 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Ümumilikdə, dünya boyunca ölkələr bir neçə aydır ki, yüksək qiymət artımı və inflyasiya ilə qarşılaşmaqda idi. Lakin bu iqtisadi fenomen artıq qismən aradan qalxmağa başlayıb. İndi hamını təccübləndirən odur ki, qlobal maliyyə böhranı neftlə zəngin Azərbaycanda da varlığını belə kəskin hiss etdirməyə başlayıb. Bəs bu problemin real səbəbləri nədir və onunla Azərbaycanda necə rəftar etmək lazımdır?
Nyu Yorkda yeləşən "Medli" İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazlının fikrincə, Azərbaycan kimi ölkələrdə ərzaq qiymətlərinin böyük fərqlə artımı real vəziyyətə adekvat deyil, burada süni problemlər də ola bilər.
"Qəribədir. Çünki Aəzrbaycanda əsas qiymət artımı problemi ötən illərdə başqa amillərdən qaynaqlanırdı. Yəni neft pullarının kəskin axını və böyük yatırımlardan. Amma indi ortada belə kəskin qiymət artımının olması yenə təəccüblüdür. Çünki dünya bazarlarında bu prosesin əksi gedir – qiymətlərdə düşmə var. Ona görə də mənim fikrimcə, burada başqa probılemlər var. Məncə, bu, süni əngəllər və ölkədəki seçkiöncəsi xərclərlə bağlı ola bilər".
Cənab Nazlının fikrincə, ümumilikdə qlobal maliyyə sisteminin mənzərəsi dəyişib. Belə ki, Amerikanın üzləşdiyi problemlər artıq Avropaya da sıçrayıb: "İnkişaf etməkdə olan ölkələrdə iqtisadi sürət azalıb. İqtisadi böhran dövründə qidaya tələbat azaldığı üçün, qiymətlərdə müvəqqəti enmə də gözlənilir. Amma bu qısamüddətli prosesdir. Uzunmüddətli perspektivdə isə dünyanı ciddi qida böhranı gözləyir. Çünki qidaya beynəlxalq tələbat artır və bu da qiymətlərin artmasına, hətta qida çatışmazlığılna səbəb ola bilər".
Beləliklə, gümanlar müxtəlifdir. Ən bədbin fikir odur ki, Amerika Birləşmiş Ştatlarındakı iqtisadi gerilələmələrin çoxluğu enerji qiymətlərində əlavə azalmaya və bütün dünyada inflyasiyanın azlamasına gətirib çıxara bilər. Bir qədər radikal fikir isə bundan ibarətdir ki, Amerika iqtisadiyyatını tərk etməyə başlayan reqressiya Avropaya yayılacaq, iqtisadi fəaliyyət məhdudlaşacaq, işsizlik aratacq, inflyasiya isə deflyasiyaya çevriləcək. Amma bütün hallarda ekspertlərin fikrincə, iqtisadi proqnozlara düzgün əməl edilsə, bu problemlər Azərbaycan kimi ölkələrə o qədər də təsir etməməlidir.

XS
SM
MD
LG