Accessibility links

Sergey Markov: “Dağlıq Qarabağla bağlı heç bir ciddi plan yoxdur”


Rusiya prezidenti Dmitri Medvedev bu gün 2 günlük rəsmi səfərlə Yerevana yollanıb. Rəsmi məlumatlara görə, səfərin məqsədi Qafqazdakı problemlərin həlli prosesində Rusiya-Ermənistan əməkdaşlığını müzakirə etməkdir.
Bu il ərzində Rusiya və Ermənistanın prezidentləri dörd dəfə görüşüblər. Lakin Dmitri Medvedev ilk dəfədir ki, Yerevana gedir.
Bu səfərin Amerika dövlət katibinin müavini Daniel Fridin Yerevanı tərk etməsindən dərhal sonra baş tutması da diqqətdən yayınmır. Keçən ay Amerika vitse-prezidenti Dik Çeyni də Bakıda olarkən Rusiya prezidenti azərbaycanlı həmkarına dərhal zəng etmişdi və onu Moskvaya dəvət etmişdi.
Yerevana Medvedevdən əvvəl yollanan Daniel Frid orada bəyan edib ki, bu ilin sonuna qədər Qarabağ münaqişəsinin həllində Azərbaycan və Ermənistanın real razılaşma əldə etməsi mümkündür. Cənab Frid deyib ki, bunun üçün hər iki tərəf çox çətin qərarlar verməlidir.
İndi isə Rusiya mənbələri prezident Medvedevin tezliklə Azərbaycan və Ermənistan liderlərini görüşdürmək planlarından xəbər veririlər. Daha əvvəl Yerevana səfər edən Rusiyanın xarici işlər naziri Sergey Lavrov da belə bir görüşün Azərbaycandakı prezident seçkisindən sonra baş tutacağını bildirmişdi. Belə görünür ki, Moskva artıq konkret hərəkətə keçir. Bəs Rusiyanın Qarabağla bağlı son təşəbbüsləri ilə Qərbin bu yöndəki səyləri arasında nə bağlılıq var?
Rusiya Duması Federasiya Şurasının üzvü, deputat Sergey Markov "Amerikanın səsi"nə deyib ki, Moskva indi Qafqazdakı münaqişələrin həllində daha real oyunçu roluna malikdir. Eyni zamanda, onun sözlərinə görə, nə Qərb, nə də Rusiya münaqişənin həllilə bağlı səylərində ciddi mərhələyə keçib: "Məncə hələ heç kimin Dağlıq Qarabagla bağlı ciddi planı yoxdur. Hansısa yenilik yaratmaq və danışıqlarda indiki dalan vəziyyətindən çıxmaq üçün heç bir konkret təşəbbüslər ortaya qoyulmayıb. Burada format məsələsi də önəmlidir. Əlbəttə ki ilk növbədə Ermənistanla danışmaq Rusiya üçün vacibdir. Çünki Rusiya xüsusilə Gürcüstandakı hadisələrdən sonra regionda yeni yaranmış status-kvonu cilovlamağa çalışır. Rusiyaya vaxt lazımdır ki, Qafqazın sabitliyi baxımından özünün əvvəlki rolunu, necə deyərlkər heç nə olmayıbmış kimi, təsdiqləyə bilsin. Biz özümüzün haqlı oldüğümüzü sübut etməli, həm də Rusiyanın sülhpərvər ölkə kimi nüfuzunu bərpa etməliyik. Bu Qarabağ nizamlaması üçün olduqca vacibdir. Rusiyada vəziyyət dəyişib. Məncə bu hamı üçün vacibdir".
Bununla yanaşı, Rusiyalı deputat deyir ki, Moskva Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yenidən canlandırmaqda qətidir. Onun sözlərinə görə, Rusiya bunu kiminsə acığına deyil, özünün nüfuzu və regionun sabitliyi baxımından edir.
Yerevana yollanmazdan əvvəl Dimitri Medvedev azərbaycanlı həmkarına məktub göndərib və onu prezident seçiləsi münasibətilə təbrik etməklə yanaşı, Qafqazda sülh təşəbbüslərini birlikdə davam etdirməyə çağırıb.

XS
SM
MD
LG