Accessibility links

Avtomobil qəzası səbəbi ilə Təbrizli fəal həlak olub


Təbrizdəki mənbələrin yaydığı məlumatlara görə, İrandakı Azərbaycan türklərinin milli- mədəni hüquqları uğrunda fəaliyyətləri ilə seçilən Qulamrza Əmani, iki qardaşı ilə birlikdə avtomobil qəzasında həyatini itirib. Hadisənin Təbriz- Əhər yolunda baş verdiyi bildirilir.

“Kanoon vehdet”, “Öyrenci” və “Azad Təbriz” kimi mənbələrin bildirdiyinə görə, iki qardaşı hadisə yerindəcə keçinib. Qulamrza Əmaninin özü isə ağır yaralanaraq Təbrizin Xomeyni xəstəxanasına çatdırılıb. Cərrahiyə əməliyyatı keçirilsə də həkimlər onu xilas edə bilmədiklərini deyiblər.

Müxtəlif mənbələrin bildirdiyinə görə, Təbriz şəhəri Təhlükəsizlik İdarəsinin əməkdaşları hər-hansı etiraz ehtimalının qarşısını almaq məqsədi ilə xəstəxanada və yaxınlıqdakı Gulbad Meydanında və mərhumların evi ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.

“Qaynaq İnfo” kimi bir sıra mənbələr isə Qulamrza Əmani və qardaşlarının ölümündə İranın təhlükəsizlik qüvvələrinin əli olduğunu və avtomobil qəzasının planlı şəkildə həyata keçirildiyini istisna etmədiklərini bildirir. Siyasi fəaliyyətlərinə görə 2000-2004-cü illərdə həbsdə olan Əmani, 2006-ci ilin may qiyamından sonra da bir neçə dəfə həbs edilərək, Təbriz və Tehran Ettelaat İdarələrinin təcridxanalarında saxlanılmışdır.

XS
SM
MD
LG