Accessibility links

Ceymstaun Fondunda Türkiyə-Qafqaz münasibətləri mövzusunda forum keçirilib


Forumun səhər panelində çıxış edən politoloq Mitat Çelikpala Türkiyənin Rusiya-Gürcüstan müharibəsinə reaksiya verərkən ilk öncə öz maraqlarından çıxış etdiyini bildirdi. Dr. Çelikpalanın sözlərinə görə Soyuq Müharibədən sonra regionda baş verən dəyişiklikər Türkiyəyə də sirayət edib və bunun nəticəsi olaraq son onillikdə rəsmi Ankara regional qüdrətə çevrilmək yönümündə siyasət yürüdüb. Uzun müddət Qərb alyansının dayanıqlı üzvü olmuş Türkiyə bu illər ərzində Rusiya ilə də sağlam münasibətlər qurmağa can atıb. Lakin Rusiya-Gürcüstan münaqişəsi Türkiyəni Qərblə Rusiya arasında seçim qarşısında qoydu. Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi hökumət bu böhrandan minimum itki ilə çıxmaq üçün Qafqaz Sabitlik Paktı kimi təşəbüslə çıxış etdi və müəyyən mənada Rusiyanı razı salmağa səy göstərdi. Lakin Dr. Çelikpala inanır ki, Türkiyənin Qərblə birgə bölüşdüyü dəyərlər və maraqlar hansısa ciddi geosiyasi dəyişmənin qarşısını alacaq. Türkiyənin regional çəkisinə gəldikdə isə Ankaranın resurslarının azlığı hələlik bir çox iddiaları qeyri-mümkün edir.

Daha sonra çıxış edən Sakarya Universitetinin professoru Şaban Kardaş diqqəti başlıca olaraq Qafqaz Sabitlik Paktı, onun tarixi qaynaqları və perspektivlərinə yönəltdi. Dr. Kardaş söylədi ki, bu ideya Yuqoslaviyanın tənəzzülü zaman ortaya çıxan Balkan Sabitlik Təşəbbüsünə əsaslanır. O zaman Avropa Birliyi və ABŞ Bosniyada və Serb-Xorvat cəbhəsində qanlı döyüşləri dayandırmaq üçün tərəflərə Avropa ilə inteqrasiya yönümündə həvəsləndirici təkliflər verməklə sülhə nail olmağa çalışırdılar. Lakin Balkan regionundan fərqli olaraq Cənubi Qafqazdakı çoxsaylı münaqişədə tərəflər ümumi hədəf bölüşmür. Bu pakta ən böyük maneələrdən biri kimi Dr. Kardaş Dağlıq Qarabağ münaqişəsini qeyd etdi. Onun fikrincə regional dövlətlər arasında mövcud olan münaqişə, rəsmi Vaşinqtonun paktdan kənar qalması, və Moskvanın rəsmi Ankaradan gələn təşəbbüsə soyuq münasibəti Qafqazda Sabitlik Təşəbbüsünün uğurunu sual altına alır. Eyni zamanda Türkiyəli ekspert hesab edir ki, rəsmi Ankaranın gözündə təşəbbüs daha çox yayındırıcı xarakter daşıyır və bunu irəli sürməklə Türkiyə Cənubi Qafqazda cərəyan edən proseslərin iştirakçısı olmaq sorağındadır.

Finlandiya Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı tədqiqatçısı İqor Torbakov öz çıxışında Rusiya-Gürcüstan müharibəsinin əslində Moskva ilə Ankara arasındakı əlaqələrə mənfi təsir göstərdiyini vurğuladı. Rusiya ilə Türkiyə arasında istiləşmə görünütünsnə baxmayarq, Torbakovun nəzərində rusların Ossetiyada və Abxaziya cəbhəsində aqressiv davranışı türkləri həyəcanlandırır, belə ki, Ankaranın regionda böyük maraqları var. Hərçənd ki, hazırda Rusiya Türkiyənin ən iri ticarət partnyorlarından biridir, Qafqaza gəldikdə bu iki dövlət arasında daim rəqabət mövcud olub, və əgər Qərbin regionda nüfuzu azalarsa, bu rəqabət daha açıq qarşıdurma xarakteri alacaq. Rusiyanın Cənubi Qafqazı zor gücünə öz nüfuz dairəsinə qaytarmaq cəhdləri Ankara tərəfindən razılıqla qarşılanmayacaq, deyə Torbakov bildirdi.
XS
SM
MD
LG